Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əmlak bazarında qiymətlərə təsir göstərən əsas amil nədir?

Əmlak bazarında qiymətlərə təsir göstərən əsas amil nədir?


"Əsas məsələ qiymətlərin sadəcə artıb-artmaması deyil, bu artımın hansı iqtisadi əsaslarla formalaşmasıdır. Peşəkar təhlildə tələb və təklif dinamikası, tikinti xərcləri, əhalinin alıcılıq qabiliyyəti, real satış qiymətləri və mənzilin gəlir potensialı birlikdə qiymətləndirilməlidir".

Newscenter.az xəbər verir ki, bunları əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli əmlak bazarında qiymətlərin artmasına təsir edən başlıca amillərdən danışarkən deyib. O bildirib ki, paytaxtda mənzil qiymətlərinin davamlı və sağlam əsaslarla formalaşması üçün bazara yeni təklifin çıxarılması, infrastrukturun inkişafı, maliyyələşdirmə imkanlarının əlçatanlığı və alıcıların real ödəmə qabiliyyəti arasında tarazlıq mühüm əhəmiyyət daşıyır:

"İlk növbədə, tələb və təklif balansını qeyd etmək lazımdır. Əhali artımı, daxili miqrasiya, yeni ailələrin yaranması, mənzil şəraitinin yaxşılaşdırılması istəyi və investisiya məqsədli alışlar mənzilə olan tələbatı artırır. Əgər bu tələbə uyğun həcmdə, uyğun ərazilərdə və alıcıların maliyyə imkanlarına cavab verən qiymətlərlə yeni mənzillər bazara çıxarılmırsa, qiymətlər üzərində yüksəlmə təzyiqi yaranır".

Ekspert deyib ki, ikinci mühüm amil tikinti xərcləridir:

"Torpaq sahələrinin əldə edilməsi, tikinti materialları, əməkhaqqı, mühəndis-kommunikasiya işləri, maliyyələşdirmə və layihənin həyata keçirilməsi ilə bağlı digər xərclər mənzilin maya dəyərinə təsir göstərir. Lakin burada vacib bir məqam var: tikinti xərclərinin artması hər bir ərazidə və hər bir layihədə satış qiymətinin eyni həcmdə artacağı demək deyil. Yekun qiymət həm də bazar tələbindən, rəqabətdən və alıcıların ödəmə qabiliyyətindən asılıdır.

Üçüncü amil torpaq resurslarının məhdudluğu və lokasiyanın iqtisadi dəyəridir. Mərkəzə yaxınlıq, nəqliyyat əlçatanlığı, məktəblər, səhiyyə müəssisələri, iş mərkəzləri, yaşıllıq zonaları və sosial infrastruktur mənzilin bazar dəyərinə təsir edən əsas xüsusiyyətlərdəndir. Eyni sahəyə malik iki mənzilin yerləşdiyi ərazi, binanın keyfiyyəti və ətraf infrastruktur fərqli olduqda, onların qiymətləri arasında ciddi fərq yarana bilər".

Süleyman
Xəbəri paylaş