
"Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin peşəkar rəhbərliyi ilə Ordumuzun Rəşadəti hesabına 2020-ci ildə baş vermiş Vətən müharibəsində düşmən tapdağından azad olunmuş rayonlarımızdan biri də Zəngilandır. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyat tamamilə yenidən canlanıb. Zəngilan şəhərinin təsdiq olunmuş Baş Planına uyğun olaraq aparılan quruculuq işləri müasir şəhərsalma prinsiplərinə əsaslanır. Şəhərin “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulması, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, enerji səmərəliliyinin artırılması və ekoloji tarazlığın qorunması gələcəyə hesablanmış inkişaf modelinin mühüm xüsusiyyətləridir. Zəngilanın “yaşıl enerji” zonasının tələblərinə uyğun inkişaf etdirilməsi ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə və müasir texnologiyaların geniş tətbiqinə imkan yaradır. Bu yanaşma rayonun yalnız keçmiş şöhrətinin bərpasını deyil, eyni zamanda, yeni iqtisadi imkanlar qazanan, innovasiyalara açıq və insanların yaşayışı üçün əlverişli bir məkana çevrilməsini hədəfləyir".
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Günay Nəsrəddinova deyib. O bildirib ki, rayonun inkişafında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti vardır:
"Zəngilan Beynəlxalq Hava Limanının qısa müddətdə istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi və beynəlxalq əlaqələrinin gücləndirilməsi baxımından mühüm hadisədir. Dəmir yolu və avtomobil yollarının inşası, o cümlədən Zəngəzur dəhlizi ilə əlaqəli nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın regional və beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu layihələr yük və sərnişin daşımalarının inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə, yeni ticarət marşrutlarının formalaşmasına və regionun tranzit potensialının artırılmasına şərait yaradır. Beləliklə, Zəngilanın strateji coğrafi mövqeyi onun gələcək iqtisadi inkişafı üçün mühüm üstünlüyə çevrilir.
Zəngilanın dirçəlişi yalnız şəhərsalma və nəqliyyat layihələri ilə məhdudlaşmır. Rayonun zəngin təbiətinin qorunması, ekoloji tarazlığın bərpası və təbii sərvətlərindən səmərəli istifadə də diqqət mərkəzindədir. Bəsitçay Dövlət Təbiət Qoruğunun qorunması və ekoloji vəziyyətinin yaxşılaşdırılması bölgənin təbii irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Zəngilanın təbiəti, meşələri, çayları və münbit torpaqları bu ərazinin qiymətli sərvətlərindəndir. Bu sərvətlərin qorunması ilə yanaşı, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, müasir sosial infrastrukturun yaradılması və iqtisadi fəaliyyətin canlandırılması rayonun uzunmüddətli inkişafına zəmin yaradır. Zəngilanın yenidən qurulması dövlətimizin həm tarixi irsimizə, həm də gələcək nəsillərin rifahına məsuliyyətlə yanaşmasının bariz nümunəsidir".
Hakim partiya təmsilçisi qeyd edib ki, Böyük Qayıdış proqramının ilk mühüm addımlarından biri Zəngilan rayonunun Ağalı kəndində ölkə üzrə ilk pilot “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi olmuşdur:
"Ağalı kəndinin yenidən qurulması işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış modelinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Burada müasir yaşayış evləri tikilmiş, rəqəmsal idarəetmə sistemləri tətbiq olunmuş, alternativ enerji mənbələrindən istifadə üçün imkanlar yaradılmışdır. Kəndin infrastrukturu sakinlərin rahat yaşayışını, sosial xidmətlərə əlçatanlığını və iqtisadi fəallığını təmin etmək məqsədilə müasir tələblərə uyğun qurulmuşdur. Ağalı layihəsi göstərir ki, Böyük Qayıdış yalnız insanların doğma torpaqlara köçürülməsi deyil, onların həmin ərazilərdə təhlükəsiz, firavan və müasir həyat şəraiti ilə təmin edilməsidir.
Ağalı kəndində kənd təsərrüfatının inkişafı üçün yaradılan imkanlar da xüsusi diqqətə layiqdir. Müasir aqrar texnologiyalara əsaslanan təsərrüfat sahələri, ekoloji təmiz istehsal imkanları və avtomatlaşdırılmış suvarma sistemləri kəndin iqtisadi potensialının artırılmasına xidmət edir. Bu layihələr sakinlərin məşğulluğunun təmin edilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə və işğaldan azad edilmiş ərazilərdə dayanıqlı aqrar sektorun formalaşmasına töhfə verir. Eyni zamanda, torpaqların səmərəli istifadəsi, müasir istehsal üsullarının tətbiqi və yeni iş yerlərinin yaradılması ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Ağalıda həyata keçirilən quruculuq işləri Zəngilanın gələcəyinin insanların zəhməti, dövlət qayğısı və müasir inkişaf imkanları üzərində qurulduğunu nümayiş etdirir".
Günay Nəsrəddinova onu da deyib ki, Zəngilanın bugünkü mənzərəsi xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin gücünün və milli həmrəyliyimizin aydın ifadəsidir:
"Bir zamanlar işğalın ağır nəticələri ilə üzləşmiş bu torpaqlarda indi həyat yenidən canlanır, yeni yaşayış məntəqələri salınır, yollar çəkilir, iqtisadi və sosial layihələr həyata keçirilir. Doğma yurda qayıdan sakinlərin öz evlərində yaşaması, torpaqlarında işləməsi və gələcəyini burada qurması qazanılmış Zəfərin ən böyük mənəvi nəticələrindəndir. Zəngilanın dirçəlişi sübut edir ki, Azərbaycan xalqı yalnız öz torpaqlarını azad etməyi deyil, onları yenidən qurmağı, inkişaf etdirməyi və gələcək nəsillərə daha güclü şəkildə ötürməyi də bacarır.
Zəngilan Günü hər bir azərbaycanlıya Vətən sevgisinin, birliyin və dövlətə sədaqətin nə qədər böyük gücə malik olduğunu xatırladır. Bu günün mahiyyətində həm qəhrəmanlıq tariximizə ehtiram, həm də gələcəyə yönəlmiş quruculuq əzmi dayanır. Şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin qorunması, azad edilmiş torpaqların inkişaf etdirilməsi və Böyük Qayıdışın uğurla davam etdirilməsi hər birimizin mənəvi borcudur. Zəngilanın dirçəlişi Azərbaycanın güclü dövlətçilik iradəsinin, sülhə və inkişafa əsaslanan gələcək hədəflərinin təcəssümüdür. Bu müqəddəs torpaqda yüksələn hər bir yeni bina, açılan hər bir yol və doğma yurduna qayıdan hər bir ailə xalqımızın qələbə ruhunu yaşadır. Zəngilan azadlığın, qəhrəmanlığın və yenidən doğuluşun rəmzi kimi Azərbaycan tarixində öz layiqli yerini daim qoruyacaqdır".
Anar












































