Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi



"Türkiyə və Azərbaycan arasında münasibətlər, yalnız iki ölkənin prezidentlərinin şəxsi əlaqələrinə əsaslanmır. Bu münasibətlərin arxasında müdafiə əməkdaşlığı, enerji layihələri, regional təhlükəsizlik, nəqliyyat dəhlizləri və Cənubi Qafqazdakı ortaq maraqlar dayanır. Bu gün baş tutan telefon danışığı ilə bağlı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda, iki ölkənin əməkdaşlığının daha da inkişaf etdiriləcəyi vurğulanıb. Ərdoğan İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitinə dəvət edib. Bu əlbəttə ki, diplomatik baxımdan münasibətlərin davam etdirilməsində marağın qorunduğunu göstərən siqnaldır".

Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük siyasət adamlarından biridir:

"O bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi. Bu jest heç şübhəsiz ki, Ankara və Bakı arasındakı gərginliyin daha da böyümədən aradan qaldırılmasına xidmət edəcək. Bilirsiniz ki, iki qardaş ölkə arasında, məktəblərdə hicab qadağası və İsraillə münasibətlər səbəbindən qarşılıqlı olaraq mətbuat və sosial şəbəkələr vasitəsilə gərginlik yaşanır. Baxmayaraq ki ortada "iki dövlət, bir millət" kimi şüarlar səslənir. İki ölkənin yaxın müttəfiq olmasına baxmayaraq, daxili siyasət və xarici əlaqələr məsələlərinə fərqli yanaşmalar var və bu səbəbdən də üçüncü tərəfin fürsəti əldən verməməsi vəziyyəti daha da ağırlaşdırmaqda davam edirdi. Bu baxımdan Ərdoğanın telefon zəngi siyasi dialoqun bərpası deməkdir və liderlərin birbaşa əlaqə saxlaması qarşılıqlı narazılıqların ictimai müstəvidə daha da böyüməsinin qarşısını almağa kömək edəcək".

Çingiz Şahbazi hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti ilə telefon danışığını münasibətlərin normallaşdırılması üçün diplomatik imkan kimi qiymətləndirmək lazımdır:

"Biz hər iki ölkə vətəndaşları, son günlər baş verənlərdən dolayı anladıq ki, Türkiyə və Azərbaycan arasında münasibətlərin strateji əhəmiyyəti, onların heç vaxt fikir ayrılıqları yaşamaması anlamına gəlməməlidir. Bu hər zaman yaşana bilər, amma əsas məsələ bu deyil. Əsas məsələ fikir ayrılıqlarının necə idarə olunmasıdır. Bu baxımdan hesab edirəm ki, hər iki ölkə başçısının Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammiti çərçivəsində açıqlamaları mütləq ki, olacaqdır".

Süleyman
Xəbəri paylaş