
Bakıda keçirilən “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu çərçivəsində layihənin maliyyələşdirilməsi, investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş dəyirmi masa təşkil edilib.
Newscenter.az xəbər verir ki, Dünya Bankının baş enerji iqtisadçısı Claire Nicolasın moderatorluğu ilə keçirilən müzakirələrdə Avropa İnvestisiya Bankının (EIB Global) bölmə rəhbəri Violaine Silvestro Von Kameke, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Nataly Mouravidze, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev, Asiya İnkişaf Bankının aparıcı layihə əməkdaşı Fərəc Hüseynbəyov və “Brookfield Asset Management” şirkətinin investisiya və enerji üzrə vitse-prezidenti Arnaud Jouvin iştirak ediblər.
Sessiyada “Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi üçün mümkün maliyyələşdirmə strukturları, investisiya risklərinin bölüşdürülməsi, dövlət və özəl kapitalın birgə iştirakı, qarışıq maliyyələşdirmə mexanizmləri və layihənin banklar tərəfindən maliyyələşdirilə bilməsi üçün zəruri şərtlər müzakirə olunub. Müzakirələrdə bu cür genişmiqyaslı və transsərhəd enerji infrastrukturu layihələrinin reallaşdırılmasının beynəlxalq maliyyə institutları, dövlətlər və özəl investorlar arasında sıx əməkdaşlıq tələb etdiyi vurğulanıb.
Süleyman











































