
Oktyabrın 22-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında İctimai şuranın təşkilatçılığı, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının rəsmi tərəfdaşlığı və Maliyyə Nazirliyinin dəstəyi ilə “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, konfransı giriş sözü ilə açan maliyyə naziri Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində həyata keçirilən rəqəmsal transformasiya tədbirlərindən, bu sahədə tətbiq olunan yeni texnoloji həllərdən və qarşıdakı dövrün əsas hədəflərindən danışıb.
Nazir bildirib ki, dövlət maliyyəsinin idarə edilməsində əsas məqsəd ayrı-ayrı proseslərin elektronlaşdırılmasından büdcə, xəzinədarlıq, mühasibat uçotu, dövlət aktivləri, maliyyə öhdəlikləri və monitorinq proseslərini birləşdirən vahid rəqəmsal idarəetmə modelinə keçidin təmin edilməsidir. Bu yanaşma dövlət maliyyəsi üzrə inteqrasiya olunmuş məlumat mühitinin formalaşdırılmasına, resurslardan istifadənin səmərəliliyinin, operativliyin, şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir.
Sahil Babayev dövlət sektorunda resursların vahid rəqəmsal idarəetmə modelinin – GRP (Government Resource Planning) sisteminin mərhələli tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, cari ilin avqust ayından “e-mühasibat” altsistemi vasitəsilə mühasibat uçotunun və maliyyə hesabatlılığının elektronlaşdırılmasına başlanılıb, ilkin mərhələdə 261 dövlət qurumunun nümayəndələri üçün təlimlər keçirilib. 2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidinin elektron qeydiyyata alınması, 2027-ci ildən büdcədən maliyyələşən bütün təşkilatların mərhələli şəkildə GRP modelinə inteqrasiyası, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60 faizinin mövcud məlumatlar əsasında avtomatlaşdırılmış qaydada formalaşdırılması imkanının yaradılması hədəflənir.
Dövlət maliyyə öhdəliklərinin rəqəmsal idarə edilməsinə toxunan nazir bildirib ki, “e-müqavilə” altsistemi vasitəsilə indiyədək ümumi məbləği 3 milyard manatdan artıq olan 7500-dən çox elektron müqavilə rəsmiləşdirilib. Altsistemdə elektron təhvil-təslim aktlarının tətbiqi həyata keçirilir, süni intellekt əsaslı “RDMİS AI” dəstək köməkçisi istifadəyə verilib. Eyni zamanda, xəzinədarlıq əməliyyatlarının tam elektronlaşdırılması, büdcə öhdəliklərinin və ödənişlərin vahid rəqəmsal mühitdə idarə edilməsi, müvafiq altsistemlərin inteqrasiyası əsasında müqavilədən ödənişədək proseslərin rəqəmsal əlaqələndirilməsi istiqamətində işlər davam etdirilir.

Nazir dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və dividend siyasətinin təkmilləşdirilməsi sahəsində də rəqəmsal həllərin tətbiqinin genişləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, cari ilin doqquz ayında müvafiq altsistemdə 1113 müəssisə qeydiyyatdan keçib, 3298 aylıq və 11 434 rüblük hesabat təqdim olunub. Həmçinin sistem vasitəsilə 2026-cı il üzrə 950 təsdiqlənmiş büdcə hesabatı, 2027-ci il üzrə 885 dividend proqnozu və 1529 büdcə proqnozu hesabatı təqdim edilib. Bu mexanizmlər dövlət müəssisələrinin fəaliyyətində maliyyə intizamının gücləndirilməsinə, risklərin erkən aşkarlanmasına və məlumat əsaslı qərarvermənin təkmilləşdirilməsinə imkan yaradır.
Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində süni intellekt və qabaqcıl analitika həllərinin tətbiqinin genişləndirilməsinin növbəti mərhələnin mühüm prioritetlərindən olduğunu vurğulayıb. Bu istiqamətdə maliyyə risklərinin proqnozlaşdırılması, kənarlaşmaların avtomatik aşkarlanması, büdcə və xərc dinamikasının modelləşdirilməsi, idarəetmə qərarlarının analitik əsaslarının gücləndirilməsi nəzərdə tutulur.
Çıxışında büdcə şəffaflığının və ictimai iştirakçılığın genişləndirilməsinə də toxunan nazir Maliyyə Nazirliyi yanında İctimai şuranın fəaliyyətini, “Elektron Büdcə Bələdçisi”, “Vətəndaşın Büdcə Bələdçisi”, “Xəzinə Bələdçisi” və digər təşəbbüsləri dövlət maliyyəsi barədə məlumatların ictimaiyyətə əlçatanlığının artırılması baxımından əhəmiyyətli addımlar kimi qiymətləndirib.
Nazir vurğulayıb ki, həyata keçirilən tədbirlər dövlət maliyyəsinin idarə edilməsində vahid rəqəmsal ekosistemin formalaşdırılmasına, maliyyə intizamının möhkəmləndirilməsinə, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə xidmət edir.
Konfransda çıxış edən Nazirlik yanında İctimai şuranın sədri İnqilab Əhmədov tədbirin Şuranın təşkilatçılığı ilə keçirilən ilk genişmiqyaslı təşəbbüs olduğunu qeyd edərək, onun məhz rəqəmsallaşma mövzusuna həsr edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Vurğulayıb ki, rəqəmsal transformasiya müasir dövrün əsas inkişaf istiqamətlərindən biri olmaqla yanaşı, dövlət maliyyəsinin idarə edilməsində həyata keçirilən islahatların da mühüm tərkib hissəsidir.
İ.Əhmədov bildirib ki, dövlət maliyyəsinin rəqəmsallaşdırılması yalnız texnoloji yenilik deyil, həm də maliyyə resurslarının səmərəli idarə olunması, fiskal intizamın gücləndirilməsi, şəffaflığın və hesabatlılığın artırılması baxımından strateji əhəmiyyət daşıyır. Rəqəmsal həllərin tətbiqi maliyyə əməliyyatlarının avtomatlaşdırılmasına, idarəetmədə insan amilindən asılılığın və sui-istifadə risklərinin azaldılmasına, məlumat əsaslı qərarvermənin genişləndirilməsinə imkan yaradır.
İctimai şuranın sədri rəqəmsallaşma ilə yanaşı, süni intellekt texnologiyalarının tətbiqinin dövlət maliyyəsinin idarə edilməsində yeni imkanlar açdığını, eyni zamanda maliyyə və texnoloji savadlılığın artırılması zərurətini ön plana çıxardığını diqqətə çatdırıb. Konfransın dövlət qurumları, özəl sektor və ictimaiyyət nümayəndələri arasında rəqəmsal transformasiyanın yaratdığı imkanların və mövcud çağırışların müzakirəsi, qarşılıqlı fikir mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib.
Konfrans “Dövlət maliyyəsinin rəqəmsallaşdırılması: Sistemlərarası inteqrasiya və yeni idarəetmə modeli” və “Dövlət maliyyəsinin məlumat idarəetməsində dayanıqlığın təmin edilməsi” mövzularına həsr olunan panel sessiyalarda davam edib.
Panel müzakirələrində dövlət qurumlarının, o cümlədən Maliyyə Nazirliyi, Hesablama Palatası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Maliyyə Monitorinq Xidmətinin nümayəndələri, eləcə də ictimai sektorun təmsilçiləri rəqəmsal həllərin geniş tətbiqi, maliyyə idarəetmə proseslərinin elektronlaşdırılması, informasiya sistemlərinin təkmilləşdirilməsi, maliyyə məlumatlarının səmərəli idarə olunması, eləcə də şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və müasir yanaşmalar barədə interaktiv müzakirələr aparıblar.
Süleyman











































