
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edir.
Newscenter.az xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il oktyabr ayının 22-də başlanacaq. Müraciət üçün son tarix 2026-cı il noyabr ayının 12-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Qrant məbləğlərinin yuxarı həddi:
• Kiçik qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manatdır.
Müsabiqə aşağıdakı mövzuları ehtiva edir:
I. Məktəblilərin mobil telefon, planşet və digər zərərli asılılıqlardan qorunması
II. Təhsil müəssisələrində liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi;
III. Erkən uşaqlıq dövründə inkişafın və məktəbə hazırlığın dəstəklənməsi;
IV. Təhsilalanlar üçün inklüziv təhsil imkanlarının genişləndirilməsi;
V. Şagirdlərin oxu savadlılığının, oxuyub-anlama və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi;
VI. Təhsilalanların ideoloji təhlükəsizliyinin və psixososial rifahının dəstəklənməsi;
VII. Uşaq və gənclərin dərsdənkənar fəaliyyətlərə cəlb olunması imkanlarının genişləndirilməsi, fiziki fəallığın və sağlam həyat tərzinin təşviqi;
VIII. Peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın inkişaf etdirilməsi və gənclərin əmək bazarına keçidinin dəstəklənməsi;
IX. Azərbaycan elminin və ali təhsilinin beynəlxalq səviyyədə tanıdılması, beynəlxalq akademik əməkdaşlığın təşviqi;
X. Böyük Qayıdış çərçivəsində gənclərin təhsilinin və sosial-iqtisadi həyata inteqrasiyasının dəstəklənməsi;
XI. Elm və təhsil sahəsində media və informasiya savadlılığının artırılması, ictimai iştirakçılığın təşviq edilməsi.
Müsabiqədə iştirakla bağlı əsas tələblər:
• Müsabiqədə iştirak etmək istəyən QHT-lər layihə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq təqdim etməlidirlər.
Müsabiqə üçün tələb olunan sənədlər:
• layihə təklifi (məntiqi çərçivə daxil olmaqla);
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• QHT-nin son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• Nizamnamə məqsədlərində təhsillə bağlı fəaliyyət istiqaməti olmayan QHT-lərin layihələri;
• 2026-cı il üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin qrant müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri.
Texniki tələblər:
• QHT-lər layihə təkliflərini QHT Agentliyinin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il oktyabrın 22-dən noyabrın 12-dək QHT Agentliyinin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.
Süleyman











































