
Qazanılan tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun misilsiz şücaətinin və xalqımızın sarsılmaz həmrəyliyinin məntiqi nəticəsi idi. 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi fədakarlıq sayəsində işğal altında olan torpaqlarımız azadlığına qovuşdu və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə edildi. Bu Qələbə xalqımızın milli ruhunu və özünə inamını daha da gücləndirməklə yanaşı, uzun illər pozulmuş tarixi ədalətin bərqərar olmasını təmin etdi.
Qeyd etmək istərdim ki, bu tarixi hadisənin əhəmiyyətini nəzərə alan Prezident, Partiyamızın Sədri Cənab İlham Əliyev 2023-cü il iyulun 31-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhəri günü kimi qeyd olunur.
Bu gün Qubadlıda həyat yenidən canlanır, şəhərin siması dəyişir, genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bölgədə müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, sosial obyektlərin inşası və yeni yaşayış məntəqələrinin salınması doğma yurda qayıdış prosesinə mühüm töhfə verir. Bütün bu işlər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının mühüm tərkib hissəsidir. Əminliklə demək olar ki, qarşıdakı illərdə Qubadlıda inkişaf və tərəqqi daha da sürətlənəcək, şəhər müasir görkəmi, geniş iqtisadi imkanları və dirçələn həyatı ilə Azərbaycanın quruculuq salnaməsində özünəməxsus yer tutacaqdır.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































