
Oktyabrın 23-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
Newscenter.az-ın məlumatına görə. iclası açan spiker bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 18-dən 20-dək Qırğız Respublikasında rəsmi və işgüzar səfərlərdə olub.
Qeyd olunub ki, rəsmi səfərin gedişində Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov ilə görüş olub. Görüşdə Qırğızıstanla Azərbaycan arasında münasibətlərin xüsusi xarakter daşıdığı vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyəti qeyd edilib.
Parlamentlərarası əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub.
Spiker deyib ki, səfər çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüblər. Görüşdə Azərbaycanla Qırğızıstanın müttəfiqlik münasibətlərinə uyğun olaraq, parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyinə toxunulub. Dostluq qrupları arasında təmasların artırılmasının zəruri olduğu bildirilib. Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi məsələsi nəzərdən keçirilib və humanitar layihələrə xüsusi diqqət yetirilib.
Milli Məclis sədrinin sözlərinə görə, Qırğız Respublikasına işgüzar səfərdə məqsəd Türk Dövlətləri Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək idi.
Oktyabrın 20-də Parlament Assambleyası Şurasının iclasında təşkilatın fəaliyyəti ilə bağlı məsələlər və onu gücləndirməyin perspektivləri nəzərdən keçirilib.
Həmin gün TÜRKPA-nın 15-ci plenar iclası keçirilib. Spiker deyib ki, o, iclasda çıxış edərək türk dövlətlərinin qarşılıqlı əlaqəsinin gücləndirilməsində və parlament diplomatiyasının inkişafında təşkilatın artan rolundan danışıb. Model qanunvericilik bazasının formalaşdırılmasına, daimi komissiyaların fəaliyyətinə, qadın parlamentarilərin və gənc parlamentarilərin işinə xüsusi diqqət yetirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin indiki dövrdə ölkələrimizin qarşılaşdığı təhdidlər barədə fikirlərini çatdırıb və bu baxımdan gənclər siyasəti sahəsində birgə işi gücləndirməyin zəruriliyini qeyd edib.
Milli Məclis sədrinin sözlərinə görə, müzakirələrdə süni intellekt və rəqəmsal inkişaf məsələləri mühüm yer tuturdu. O, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə bu sahədə həyata keçirilən siyasət barədə məlumat verdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyətindən danışıb.
Həmçinin Milli Məclisin bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi üzərində fəal iş apardığını da qeyd edib.
Bildirilib ki, nümayəndə heyətimizin üzvləri həm TÜRKPA-nın plenar iclasında, həm də digər tədbirlərdə fəal iştirak ediblər. Parlament Assambleyasında komitə sədri, komitə sədrinin müavini və seçki müşahidə missiyasının üzvü olan deputatlarımız plenar iclasda hesabat, tövsiyə qərarları və seçkilərin müşahidəsinin nəticələri barədə məlumat təqdim ediblər. Milli Məclis Aparatının əməkdaşı müəllifi olduğu model qanun layihəsi barədə fikirlərini bildirib. Eyni zamanda, deputatlarımız üzvü olduqları qadın parlamentarilər qrupunun və gənc parlamentarilər qrupunun iclaslarında da çıxış ediblər.
Spikerin sözlərinə görə, iclasdan sonra parlament rəhbərlərinin birgə mətbuat konfransında qeyd edilib ki, aparılmış müzakirələr və qəbul edilmiş qərarlar TÜRKPA çərçivəsində əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır.
Qeyd edilib ki, səfər çərçivəsində Qırğızıstan Prezidenti TÜRKPA üzvü olan parlamentlərin rəhbərlərini qəbul edib. Aparılan söhbət zamanı türk xalqları arasında inteqrasiya proseslərinin dəstəklənməsində və qarşılıqlı etimadın möhkəmləndirilməsində Assambleyanın rolu nəzərdən keçirilib.
Milli Məclisin sədri deyib ki, səfərin gedişində onun Qazaxıstan Respublikası Qurultayının sədri cənab Aybek Dadebay ilə də görüşü olub. Görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının rolu vurğulanıb. Həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə işin əhəmiyyəti qeyd edilib.
Bildirilib ki, nümayəndə heyətimiz “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksini də ziyarət edib, həmçinin Bişkekdə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyində olub.
Çıxışına yekun vuran Milli Məclisin sədri Qırğız Respublikasına rəsmi və işgüzar səfərlərin uğurlu keçdiyini qeyd edib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Milli Məclisin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, deputatlar Kamal Cəfərov, Azay Quliyev, Rizvan Nəbiyev, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Tural Gəncəliyev, Razi Nurullayev, Ceyhun Məmmədov gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini bölüşüblər.
Bildirilib ki, Ermənistan rəhbərliyinin ziddiyyətli bəyanatları sülh prosesinə ciddi maneə törədir. Ermənistan tərəfinin sülh gündəliyi ilə bağlı nümayiş etdirdiyi qeyri-ardıcıl mövqe, rəsmi İrəvanın regional sabitliyə qeyri-ciddi yanaşdığını göstərir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi bəyanatlarında vurğulandığı kimi, Ermənistandan süni şəkildə "sülh göyərçini" yaratmaq istəyənlər bu ziddiyyətli mənzərəni düzgün qiymətləndirməlidirlər. Dövlət başçımızın "Ermənistanla sülh kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" xəbərdarlığı İrəvanın qeyri-konstruktiv addımlarına qarşı verilmiş ciddi bir siqnaldır.
Dövlətlərarası əlaqələrin nizamlanmasında sülh müqaviləsinin imzalanmasının önəmi qeyd olunaraq diqqətə çatdırılıb ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, o cümlədən regional kommunikasiyaların açılması, Konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarının aradan qaldırılması və etimad mühitinin yaradılması istiqamətində real addımlar atmalıdır.
Müzakirələr zamanı Azərbaycan xalqının öz əzəli torpaqlarını işğaldan azad etdiyi tarixi günləri böyük qürur hissi ilə qeyd etdiyi, o cümlədən 25 oktyabr tarixinin Qubadlı şəhəri Günü kimi qeyd olunduğu bildirilib. Diqqətə çatdırılıb ki, hazırda bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işləri, habelə bu ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində görülən təqdirəlayiq tədbirlər regionun sürətli dirçəlişini təmin edir və "Böyük Qayıdış" proqramının uğurla reallaşdırılmasının bariz nümunəsidir.
Çıxışlarda bir sıra digər aktual mövzulara dair fikirlər də səsləndirilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda 12 məsələnin müzakirə ediləcəyini söyləyib. O, qeyd edib ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatası auditorunun təyin edilməsi haqqında qərar layihəsidir.
Spiker nəzərə çatdırıb ki, Milli Məclisin Daxili Nizamnaməsinin 44-cü maddəsinin 4-cü hissəsində və “Hesablama Palatası haqqında” Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, bu vəzifəyə təyinat Milli Məclis sədrinin təqdimatı əsasında Milli Məclis tərəfindən həyata keçirilir. Sahibə Qafarova Hesablama Palatasının auditoru vəzifəsinə Hafiz İsmayılbəylinin təyin olunmasını tövsiyə etdiyini bildirib. O qeyd edib ki, Hafiz İsmayılbəyli ötən 7 ildə Hesablama Palatasının auditoru olub. Bu vəzifədə özünü səriştəli mütəxəssis kimi göstərib və təyin ediləcəyi halda vəzifəsinin öhdəsindən uğurla gələcək.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edərək Milli Məclis sədrinin təqdimatı əsasında Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə yenidən təyin edilməsi məsələsinə rəhbərlik etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib. Namizədliyin yenidən irəli sürülməsinin onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olduğunu deyib. Qeyd edib ki, komitədə aparılmış müzakirələr zamanı namizədin qanunvericiliklə müəyyən edilmiş meyar və tələblərə tamamilə cavab verdiyi nəzərə alınıb.
Azər Əmiraslanov, habelə bildirib ki, dövlət büdcəsi üzərində parlament nəzarəti Milli Məclisin mühüm konstitusion səlahiyyətidir. Hesablama Palatası isə parlamentin büdcə nəzarəti mandatının həyata keçirilməsinin əsas institusional mexanizmlərindən biridir. O, Yeddinci çağırış Milli Məclisin öz fəaliyyəti dövründə “Hesablama Palatası haqqında” Qanuna edilmiş bir sıra institusional dəyişikliklərin ali audit orqanının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət etdiyini, bu prosesin, eyni zamanda Palatanın təcrübəli və yüksək ixtisaslı dövlət auditorları ilə komplektləşdirilməsini tələb etdiyini deyib. Qeyd olunub ki, bu baxımdan Hesablama Palatasında peşəkar auditor heyətinin formalaşdırılması, institusional inkişafda davamlılığın qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir.
Komitə sədri Hafiz İsmayılbəylinin fəaliyyəti barədə ətraflı məlumat verərək onun təhsilini, peşəkarlığını, maliyyə idarəçiliyi və dövlət auditi sahəsində təcrübəsini nəzərə alaraq, Parlament sədrinin təqdimatının komitə üzvləri tərəfindən dəstəkləndiyini bildirib.
H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri növbəti məsələnin “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi olduğunu deyib. O, beynəlxalq sənədlə bağlı olduğuna görə bu layihənin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyqun olaraq bir oxunuşda qəbul ediləcəyini söyləyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov məsələ barədə məlumat verərək bildirib ki, qanun layihəsi ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2023-cü il 20 noyabr - 15 dekabr tarixlərində Dubay şəhərində keçirilmiş Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları ilə qəbul olunmuş "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, Radiorabitə Reqlamenti – qlobal telekommunikasiya xidmətlərinin ahəngdar inkişafı, radiotezliklərin dövlətlər arasında qarşılıqlı koordinasiyası, maneəsiz fəaliyyəti üçün Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnamə və Konvensiyasına əlavə olaraq qəbul edilən beynəlxalq hüquqi sənəddir və radiotezliklərin spektrinin, habelə peyk orbitlərinin qlobal səviyyədə istifadəsi üçün nəzərdə tutulub. Reqlamentdə edilmiş dəyişikliklər radiotezliklərin xidmətlər üzrə bölgüsünü, peyk şəbəkələri və sistemlərinin koordinasiyasını, tezlik təyinatları barədə bildirişlərin verilməsini və onların qeydiyyatını əhatə edir.
Diqqətə çatdırılıb ki, qanun layihəsinə əlavə edilmiş bəyanat Azərbaycan Respublikasının suveren hüquqlarının və telekommunikasiya sahəsində milli maraqlarının qorunmasına yönəlib. Bəyanata əsasən, BTİ-nin hər hansı üzv dövləti İttifaqın Nizamnaməsinə və Konvensiyasına, Radiorabitə Reqlamentinə və Konfransın Yekun Aktlarının müddəalarına riayət etmədikdə və ya onların yerinə yetirilməsini dayandırdıqda Azərbaycan Respublikası öz maraqlarını qorumaq üçün zəruri hesab etdiyi tədbirləri görmək hüququnu saxlayır. Bu hüquq digər ölkələrin bəyanat və qeyd-şərtlərinin Azərbaycanın telekommunikasiya xidmətlərinin dayanıqlı işini təhlükə altına qoyduğu və ya Azərbaycan Respublikasının suveren hüquqlarının həyata keçirilməsini pozduğu hallara da şamil edilir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə təmsil etdiyi komitənin müsbət rəy verdiyini vurğulayıb.
Deputat Hikmət Məmmədov məsələ ilə bağlı bəzi fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin spikeri növbəti 2 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) bəhs edib. O, sənədlə bağlı əvvəlki oxunuşlar zamanı ətraflı məlumat verildiyini söyləyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Dəyişikliklərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin, habelə sadalanan subyektlərin təsisçisi və ya iştirakçısı olduqları hüquqi şəxslər dövlət büdcəsi vəsaitləri, subsidiyalar, dövlət zəmanətli kreditlər və fondların vəsaitləri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına həyata keçirdikləri malların, işlərin və xidmətlərin satın alınmasının xüsusi tənzimləmə dairəsinə daxil edilməsi təklif olunur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, sənəddə hər hansı dəyişiklik olmadığı üçün onun səsə qoyulmasını xahiş edib.
Təklif olunan dəyişikliklərdə hüquqi şəxslərin terrorizmin maliyyələşdirilməsi ilə əlaqəli əməllərə görə məsuliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi, maliyyə resurslarının terror fəaliyyətinə yönəldilməsinin qarşısının alınması və belə vəsaitlərə münasibətdə effektiv cinayət hüquqi tədbirlərinin tətbiqi üçün zəruri hüquqi imkanların yaradılması nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin digər 3 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğu bildirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) danışıb.
Qeyd olunub ki, qanun layihəsi hava gəmisi heyətinin iş və istirahət vaxtının, eləcə də uçuş vaxtının daha çevik tənzimlənməsinə və bu sahədə beynəlxalq təcrübəyə uyğunlaşmaya xidmət edir. Dəyişikliklərə əsasən, hava gəmisi heyətinin iş vaxtı Əmək Məcəlləsindən istisna edilməklə, istənilən yeddi ardıcıl günə, istənilən on dörd ardıcıl günə, istənilən iyirmi səkkiz ardıcıl günə və ya istənilən bir təqvim ilinə düşən maksimal iş saatı ilə müəyyən ediləcək. Eyni qayda hava gəmisi heyətinin uçuş vaxtına da şamil edilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə təmsil etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Sənəddə insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarının müəyyən edilməsinin hüquqi əsasının yaradılması məqsədilə müvafiq dəyişikliklərin nəzərdə tutulduğu söylənilib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, əvvəlki müzakirələr zamanı sənəd barədə deputatların söylədikləri fikirlərə münasibət bildirib, bəzi məqamlara aydınlıq gətirib.
Layihəyə əsasən, "İcra haqqında" Qanuna əlavə edilməsi təklif olunan "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir. borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil olunur. Sənəddə "Qiymətli kağızlar bazarı haqqında" Qanunda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi də nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov məsələyə dair təmsil olunduğu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti beş məsələsi birinci oxunuşda olan qanun layihələridir. O, səkkizinci məsələ - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat vermək üçün Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevə söz verib.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi, habelə zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.
Layihə ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 42-ci maddəsinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 32-ci maddəsinə yeni müddəalar əlavə olunur. Həmin müddəalara əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının sifarişi əsasında magistratura (rezidentura) səviyyəsini bitirmiş, habelə doktoranturada (adyunkturada) təhsilini başa vuraraq müvafiq elmi dərəcə almış zabitlərin hərbi rütbədə olma müddətinin ali təhsilin hər bir göstərilən səviyyəsi üzrə bir dəfə olmaqla 1 il azaldılması nəzərdə tutulur.
Bundan əlavə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsinin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 31.5-ci maddəsinin “leytenant” hərbi rütbəsində olma müddətinə dair müddəaları yeni redaksiyada verilir. Buna əsasən, təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün həmin müddət 2 il, aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edənlər üçün 1 il, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda 1 il müəyyənləşdirilir.
Beləliklə, layihə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanması qaydalarını dəqiqləşdirir, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) səviyyələrində təhsilini və elmi fəaliyyətini stimullaşdırır, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddətini yenidən müəyyənləşdirir.
Komitə sədri vurğulayıb ki, təklif olunan dəyişikliklər ölkə rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən ordu quruculuğu tədbirlərinin davamıdır. Bu dəyişikliklər Silahlı Qüvvələrin kadr potensialının gücləndirilməsinə, hərbi xidmətin cəlbediciliyinin artırılmasına, hərbi qulluqçuların təhsil və elmi fəaliyyətə marağının yüksəldilməsinə xidmət edir.
Müzakirələrdə parlament sədrinin müavini Ziyafət Əsgərov, komitə sədri Siyavuş Novruzov, deputatlar Sahib Alıyev və Bəhruz Məhərrəmov çıxış ediblər. Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra parlamentin sədri bildirib ki, növbəti iki məsələ mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Spiker bildirib ki, müzakirə olunan məsələlərlə bağlı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və nazirliyin Hüquq şöbəsinin müdiri Yaşar Abdullayev də iclasda iştirak edirlər. Təklifə əsasən, qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.
Beləliklə, gündəliyin doqquzuncu məsələsi olan “Aqrar sahə haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumatı Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib.
Komitə sədri aqrar sektorun ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və iqtisadi inkişafında mühüm rolunu vurğulayaraq Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında bu sahənin inkişafı ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb
O bildirib ki, aqrar sahədə görülən işlərin, əldə olunan nəticələrin və qəbul edilən qərarların ictimaiyyətə ətraflı çatdırılması da vacibdir. Komitə sədri qeyd edib ki, Milli Məclis sədrinin təklifi və dəstəyi ilə “Aqrar sahə haqqında” yeni qanun layihəsi ilə bağlı müzakirələrə məhz belə bir yanaşma ilə başlanılıb. Qanun layihəsi Aqrar siyasət komitəsinin oktyabrın 7-də dinləmə formatında keçirdiyi geniş iclasda müzakirə olunub. İclasda aqrar sahənin mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr nəzərdən keçirilib.
Komitə sədri bildirib ki, yeni qanun layihəsi aqrar sahədə dövlət tənzimləməsinin və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir. Aqrar sektorun müxtəlif istiqamətlərini əhatə edən sənəd bu sahənin idarə olunması və inkişafı üçün hüquqi çərçivə yaradır.
Tahir Rzayev bildirib ki, qanun layihəsinin əsas məqsədləri ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd yerlərinin dayanıqlı inkişafı, məşğulluğun artırılması, kənddən şəhərə miqrasiyanın azaldılması, aqrar sahənin rəqabət qabiliyyətinin və investisiya cəlbediciliyinin yüksəldilməsi, ixrac potensialının genişləndirilməsidir. Dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, ixtisaslı kadrların hazırlanması, bitki və heyvan sağlamlığının qorunması, eləcə də iqtisadi fəaliyyətin şaxələndirilməsi də layihənin əsas istiqamətlərindəndir.
Layihədə torpaq dövlət tərəfindən qorunan əsas istehsal vasitəsi kimi müəyyənləşdirilir. Torpaq sahələrinin konsolidasiyasının və kooperativləşmənin təşviqi, əkin sahələrinin yandırılmasının qarşısının alınması və torpaqlardan səmərəli istifadə ilə bağlı müddəalar nəzərdə tutulur. Həmçinin aqrokimyəvi xəritələrin yenilənməsi, müasir suvarma sistemlərinin tətbiqi kimi məsələlər tənzimlənir.
Qanun layihəsində ərazilərin bitki növləri və heyvan cinsləri üzrə rayonlaşdırılması, bunun dövlət dəstəyi tədbirlərində nəzərə alınması, növbəli əkin sisteminin tətbiqi və aqrotexniki tələblərə əməl olunması, heyvandarlıq sahəsində yem payı və minimal kəsim çəkisi kimi məsələlər də əksini tapıb.
Sənədə əsasən, aqrar kooperativlərə satış məntəqələri təşkil etmək və bazarlarda ticarət yerləri əldə etmək hüququ verilir. Bundan əlavə, müvafiq qurum tərəfindən göstərilən 30-dan artıq aqrar xidmətin ilk dəfə vahid siyahı şəklində qanunvericilikdə təsbit olunması təklif edilir.
O vurğulayıb ki, mürəkkəb və çoxşaxəli sahə olan aqrar sektorda səmərəli idarəetmə, dövlət qurumları arasında koordinasiya və bütün iştirakçılar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Təqdim olunan qanun layihəsi məhz bu münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirməklə aqrar sahənin vahid və sistemli şəkildə tənzimlənməsinə, dayanıqlı inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin daha etibarlı təmin olunmasına xidmət edir.
Gündəliyin onuncu məsələsi olan Mülki Məcəllədə, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı da Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. O bildirib ki, sənəd "Aqrar sahə haqqında" yeni qanun layihəsindən irəli gələrək hazırlanıb və onun normalarının, o cümlədən həmin qanunda istifadə olunan anlayışların müvafiq sahəvi qanunlarda əks etdirilməsi məqsədi daşıyır.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov onuncu məsələ ilə bağlı komitələrinin müsbət rəylərini diqqətə çatdırıblar.
Sənədlərin müzakirəsində komitə sədri Zahid Oruc, deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Azay Quliyev, Əli Məsimli, Hikmət Məmmədov çıxış ediblər, fikirlərini bildiriblər.
Sonra hər iki qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin sədri bildirib ki, gündəliyin sonuncu iki məsələsi də mahiyyətcə bir-birinə yaxın qanun layihələridir və cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. Spikerin təklifi ilə qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə, səsvermələri isə ayrı-ayrılıqda keçirilib.
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib. Komitə sədri bildirib ki, layihə aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanmışdır. Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.
İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə maliyyə təşkilatlarına və təchizatçılara təklif edirlər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur.
Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.
Məhsul şəhadətnaməsinin üstünlüklərindən danışan komitə sədri bildirib ki, bu mexanizm fermerlərə istehsala başlamazdan əvvəl zəruri maliyyə vəsaiti əldə etməyə, təchizatçılara gələcək məhsulun tədarükünə təminat almağa, maliyyə təşkilatlarına isə aqrar sektorun maliyyələşdirilməsi üçün yeni imkanlar əldə etməyə şərait yaradır.
Məhsul şəhadətnamələrinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsi sənədləşmə xərclərini azaldır və şəffaflığı artırır.
Qanun layihəsinin qəbulu aqrar istehsalçıların maliyyə resurslarına çıxışını genişləndirəcək, kənd təsərrüfatının maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirəcək və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək.
On ikinci məsələ - Mülki Məcəllədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, dəyişikliklər “Məhsul şəhadətnaməsi haqqında” yeni qanun layihəsindən irəli gələrək hazırlanıb. Belə ki, aqrar sektorda yeni maliyyə aləti kimi qanunvericiliyə daxil edilən məhsul şəhadətnaməsinin qiymətli kağız kimi hüquqi statusu Mülki Məcəllədə təsbit olunur. Həmçinin “İcra haqqında” Qanuna təklif olunan dəyişikliklərə əsasən, məhsul şəhadətnaməsinin müstəqil icra sənədi kimi tanınması və icraya yönəldilməsi nəzərdə tutulur.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu qanun layihəsinə dair rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirib.
Qanun layihələrinin müzakirəsində deputatlar Bəhruz Məhərrəmov, Vasif Qafarov, Müşfiq Cəfərov və Razi Nurullayev çıxış ediblər. Sonra qanun layihələri birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Süleyman












































