Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlının azad edilməsi tarixi qələbəmizin davamına gətirdi

Qubadlının azad edilməsi tarixi qələbəmizin davamına gətirdi



"İkinci Qarabağ Müharibəsi zamanı hərbi əməliyyatların, ümumilikdə müharibənin gedişinə ciddi təsir edən hadisələrdən biri də Qubadlının işğaldan azad edilməsi oldu. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin düşmən işğalından azad edilməsi Azərbaycan Ordusunun döyüş meydanında irəliləməsinin davamını təmin etməklə yanaşı, eyni zamanda erməni silahlı qüvvələrinin müdafiəsinə cənub-qərb hissədən yönələn dəstəyin qarşısının alınması ilə nəticələndi. Bu həm də öz-özlüyündə işğal altında qalan digər ərazilərin azad edilməsinə aparan yolun əsas mərhələsi idi. Qubadlının Laçın və Zəngilan rayonları və Ermənistanla həmsərhəd ərazidə yerləşməsi onun azad edilməsinin Ordumuz üçün nə dərəcədə strateji üstünlük qazandırdığını göstərirdi”.

Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Qubadlının işğaldan azad edilməsi Laçına irəliləyiş üçün imkanlar açdı:

“Qubadlıda mövqelərin gücləndirilməsi Azərbaycan Ordusunun yeni əməliyyatları üçün şərait yaratdı. Həmçinin, Zəngilan və Cəbrayıl istiqamətində əldə edilmiş uğurların davamını gətirdi. Ümumilikdə, Azərbaycan Ordusunun əməliyyat imkanlarını genişləndirdi”.

Deputat qeyd edib ki, işğal dövründə digər şəhər və rayonlar kimi Qubadlı da erməni vandalizminə tuş gəlib:

“Qubadlının işğal edən ermənilər təkcə buranın daimi sakinlərinə qarşı qətllər, insanlıq əleyhinə cinayətlər törətməyib, eyni zamanda onun zəngin təbiətinə ziyan vurub, yeraltı və yerüstü sərvətlərini mənimsəyib, tarixi-mədəni abidələrini, dini ibadət məkanlarını dağıdıblar. Qubadlının azad edilməsi uzun illər doğma yurdlarından ayrı düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıdış ümidini gücləndirdi”.

İlham Məmmədov diqqətə çatdırıb ki, 2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 25 oktyabr Qubadlı Şəhəri Günü elan edilib.

“Bu gün işğaldan azad edilən hər bir şəhər və rayon kimi Qubadlı da yenidən qurulur, rayonda bərpa və yenidənqurma işləri həyata keçirilir. Dövlət tərəfindən həyata keçirilən tədbirlər, yol-nəqliyyat infrastrukturunun qurulması, yaşayış məhəllələrinin salınması, təhsil və səhiyyə müəssisələrinin tikilməsi, enerji və digər kommunal xidmətlərin bərpasını Qubadlıya yeni həyat gətirir. Bu da bütövlükdə Böyük Qayıdış prosesinin sürətlənməsinə təkan verir”.

Süleyman
Xəbəri paylaş