Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Penitensiar xidmətin Ədliyyə Nazirliyi tərkibində olması böyük hüquqi və idarəçilik əhəmiyyətinə malikdir

Penitensiar xidmətin Ədliyyə Nazirliyi tərkibində olması böyük hüquqi və idarəçilik əhəmiyyətinə malikdir


Cəzaçəkmə müəssisələrinin və ümumiyyətlə penitensiar sistemin idarə olunması hüquqi dövlət quruculuğunda ən vacib sahələrdən biridir. Bu sahədə istifadə olunan terminologiya və təşkilati strukturlar yalnız formal deyil, həm də ideoloji və hüquqi mahiyyət daşıyır. Azərbaycan Respublikasında bu sistemin “Penitensiar Xidmət” adlandırılması və onun Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərməsi məqsəd və funksiyalarını daha aydın göstərir.
“Penitensiar” sözü latınca “poenitentia” sözündən gəlir və əsas mənası “tövbə”, “peşmançılıq” və “islah”dır. Bu anlayış cəza siyasətinin mahiyyətini dəqiq ifadə edir ki, məhkumların sadəcə cəzalanması yox, onların islahı, tərbiyəsi və cəmiyyətə yenidən faydalı üzv kimi qaytarılmasıdır. Tarixi baxımdan, Avropada XVII–XVIII əsrlərdə cəza sistemi əvvəlcə fiziki və ictimai rüsvay etmə üzərində qurulmuşdu. Lakin humanist hüquq prinsiplərinin inkişafı ilə yanaşma dəyişdi və cəzanın məqsədi intiqamdan daha çox tərbiyə və sosial adaptasiya oldu. Bu konsepsiya beynəlxalq səviyyədə qəbul edildi və BMT-nin “Minimum Standart Qaydaları” (Nelson Mandela Rules) və Avropa Şurasının penitensiar standartları bu prinsipə əsaslanır. Azərbaycan da bu beynəlxalq standartlara qoşulub, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsini 2006-cı ildən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti kimi təşkil etdi.
Penitensiar xidmətin Ədliyyə Nazirliyi tərkibində olması böyük hüquqi və idarəçilik əhəmiyyətinə malikdir. Ədliyyə Nazirliyi hüquq sisteminin mərkəzi orqanı kimi qanunun aliliyini, hüquqi normativlərin düzgün tətbiqini və insan hüquqlarının qorunmasını təmin edir. Penitensiar xidmətin bu qurumun tərkibində fəaliyyət göstərməsi məhkumların hüquqlarının qorunmasını, cəza icra siyasətinin qanuni və şəffaf həyata keçirilməsini təmin edir. Bu inteqrasiya həm də penitensiar sistemin digər hüquq-mühafizə və məhkəmə orqanları ilə koordinasiyasını gücləndirir, islahatların tətbiqini, beynəlxalq standartların milli qanunvericiliyə uyğunlaşdırılmasını asanlaşdırır. Azərbaycan penitensiar sistemi yalnız məhkumları nəzarətdə saxlamaqla kifayətlənmir, eyni zamanda onların psixoloji və sosial reabilitasiyasını, peşə təlimini və cəmiyyətə adaptasiyasını təmin edir. Bu isə sistemin əsas məqsədinə, cəmiyyətdə təhlükəsizliyi qorumaqla yanaşı, məhkumları yenidən faydalı vətəndaşlara çevirməyə xidmət edir. Penitensiar xidmətin Ədliyyə Nazirliyi tərkibində olması həm də vətəndaşların dövlət qurumlarına etibarını gücləndirir, hüquqi və sosial nəzarətin vahid mərkəzləşmiş strukturda aparılmasına zəmin yaradır.
Beləliklə, Penitensiar Xidmət anlayışı yalnız cəza icrası deyil, həm də islah, təhsil, sosial reabilitasiya və qanun çərçivəsində insan hüquqlarının qorunması ideyasını ifadə edir. Ədliyyə Nazirliyi tərkibində fəaliyyət göstərməsi isə bu sistemin hüquqi legitimliyini, şəffaflığını və beynəlxalq standartlara uyğunluğunu təmin edir, Azərbaycan cəza siyasətinin müasir və humanist yönümlü olmasını göstərir.
Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş