
Qırğızıstanın paytaxtında özəl təhsil müəssisəsində kütləvi qida zəhərlənməsi hadisəsi baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, nəticədə tələbələr və müəllimlər də daxil olmaqla 80-dən çox insan zəhərlənib. Bişkek Dövlət Sanitariya-Epidemioloji Nəzarət Mərkəzinin mətbuat xidməti faktı təsdiqləyib.
Qurumun yaydığı məlumata görə, özəl məktəbdə dördü müəllim olmaqla, ümumilikdə 84 nəfərə qida zəhərlənməsi diaqnozu qoyulub.
Bütün zərərçəkənlər tibbi yardım üçün xəstəxanaya müraciət ediblər. Onlardan 10 nəfər şagird və 2 müəllimin vəziyyəti bir qədər ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Qalanlarına isə ambulator yardım göstərilib. İlkin diaqnoz naməlum etiologiyalı bakterial zəhərlənmədir.
Hazırda epidemioloji araşdırmalar davam etdirilir və laboratoriya müayinələrinin nəticələri alındıqdan sonra hadisəyə yekun qiymət veriləcək.
Mehman Mehdiyev











































