Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bir çox mühüm məsələlərə toxunub.
Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Həmçinin Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Bu gün dünya dövlətlərinin bir çoxunda enerji təhlükəsizliyi ilə bağlı problemlərin yaşandığı vaxtda Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir. Ümumilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir.
Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.
Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.
Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.
Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdır və artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmıçdır və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.
Cənab Prezident öz çıxışında bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensiala malik olduğunu bildirmişdir. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Bunun böyük bir hissəsinin Xəzər dənizində, bir neçəsinin isə quru sahələrdə tikilməsi planlaşdırılır.
Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" beş prioritetdən biri kimi müəyyənləşdirilmiş və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda çox mühüm tədbirlər təsbit edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, onun uzaqgörən, balanslaşdırılmış müdrik siyasəti nəticədində Azərbaycan bu vaxta kimi bütün istiqamətlər üzrə o cümlədən neft və qaz layihələri üzrə hədəflərə çatdığı kimi, eyni qaydada elektrik enerjisi də Avropa məkanına çatdırılacaq.
Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini