Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Macarıstan XİN başçıları strateji tərəfdaşlığı müzakirə edib

Azərbaycan və Macarıstan XİN başçıları strateji tərəfdaşlığı müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Bu barədə Newscenter.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, gələcək plan və layihələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların, habelə strateji dialoq və siyasi məsləhətləşmələr kimi mexanizmlərin tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

İkitərəfli əsasda Azərbaycan və Macarıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə çoxşahəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, iqtisadi əlaqələrin daha da gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.

Bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətinin strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam etdirilməsinin zəruriliyi görüşdə vurğulanıb.

Macarıstanın işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə töhfəsi minnətdarlıqla qeyd olunub.

Görüşdə, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş