Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fakt qarşısında: yeni müstəmləkəçilik. yoxsa yeni reallıqlar?

Fakt qarşısında: yeni müstəmləkəçilik. yoxsa yeni reallıqlar?


Bakıda BMT-dən sonra ikinci ən böyük təşkilat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının postpandemiya dövrünə həsr olunmuş Zirvə görüşü baş tutdu. Geosiyasi əks-sədası cahanın dörd bir tərəfindən gələn, dünyanın diqqətində olan – strateji baxışların ünvanlandığı Sammitdə çox mühüm fikirlər səsləndirildi, yeni geostrateji arxitekturanın konturlarından bəhs edildi. Nəzərləri bir sıra tarixi faktlara və müasir geosiyasi tendensiyalara cəlb edən Prezident İlham Əliyev qəti və konkret şəkildə vurğuladı: “Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.

GEOSİYASİ NİZAM AXTARIŞINDA...

İkinci Dünya müharibəsindən sonra bəşəriyyət sülhə, sabitliyə və təhlükəsizliyə ümidli idi. Düşünülürdü ki, artıq bütün tərəflər - güc və səlahiyyət sahibləri cahanı fəlakətə sürükləyən müharibənin qorxunc mənzərəsindən dərs alıblar - nəticə çıxarıblar. Daha bütün problemlərin, ən kəskin məsələlərin və mübahisələrin həlli yolları diplomatik kanallarda mövcuddur. Amma gözləntilər özünü doğrultmadı. Bu gün dünyada güc mərkəzlərinin sərt geostrateji mübarizəsi fonunda “diplomatiya böhranı müşahidə edilir” desək, yanılmarıq. Xüsusilə də, XXI əsrin üç onilliyi lokal və regional qarşıdurmalarla səciyyəvidir. Yaxın Şərqdə “siyasi qiyamət” müşahidə edilir - ölkələrin sərhədləri qanla yenidən cızılır, lidersizləşdirmə, mənəviyyatsızlaşdırma, dövlətsizləşdirmə əməliyyatı aparılır. Liviya, Suriya, Misir, Tunis, İraq və başqa dövlətlər “geosiyasi tort”un ayrı-ayrı dilimləridir. Postsovet - MDB məkanının da geosiyasi palitrası dövlət çevrilişləri, “rəngli ssenari”lər, inqilab və xaos planları ilə “rəngarəng”dir. Nəhayət, hərbi-siyasi qarşıdurma Avropaya da sıçrayıb, Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlərdə diplomatiya böhranının növbəti və ən kəskin fazasını təşkil edir. Bəzi ekspertlər bu savaşı III Dünya müharibəsi kimi səciyyələndirərkən digərləri yeni dünya nizamının formalaşdığını qeyd edirlər. Amma bütün hallarda dünya yeni nizam axtarışındadır...
44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edən, regional miqyaslı, qlobal xarakterli yeni reallıqlar yaradan Azərbaycan isə bəşəriyyət üçün bu taleyüklü mərhələdə öz tarixi-siyasi məsuliyyətini dərk edərək vacib təşəbbüslərlə çıxış edir, konstruktiv mövqe nümayiş etdirərək sülh, sabitlik və təhlükəsizlik tərəfdarı olduğunu sözdə və əməldə nümayiş etdirir. Ona görə də Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri üçün strateji prioritetlərdən biridir. Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışları bu səpkidə xüsusi qeyd edilməlidir.

SUVEREN HÜQUQLAR QƏSB EDİLİR – 50 İLDİR Kİ, 17 MİN KİLOMETR UZAQDA...

Bütün bunlara baxmayaraq, bəzi geosiyasi qüvvələr, konkret olaraq Fransa kimi dövlətlər yeni reallıqları dərk, qəbul və həzm etməkdə çətinlik çəkir, hətta yeni müstəmləkəçilik siyasətini canlandırmağa çalışırlar. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Bəli, təkcə bir fakt – Yeni Kaledoniya məsələsi Fransanın mütərəqqi dünyanın sivil dəyərlərinə zidd olaraq neokolonialist siyasətdə israrlı olduğunu göstərir. Fransadan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniya artıq 50 ilə yaxındır ki, müstəmləkə “statusu”ndan azad olmaq istəsə də, nafilə: Paris bütün qeyri-qanuni vasitələrdən istifadə edərək suveren hüquqları qəsb edir.

“QOCA QİTƏ VAMPİRİ”NİN MƏNƏVİ QOCALIQ VƏ SİYASİ TƏNHALIQ DÖVRÜ

Əslində, bu ölkə cılız geosiyasi ambisiyalar arxasınca qaçmaq əvəzinə, etiraf və qəbul etməlidir ki, vaxtilə Afrika xalqlarının sosial-iqtisadi qanını sormaqla geostrateji immunitetini artıran Fransa indi beynəlxalq münasibətlər sistemində mənəvi qocalıq və tənhalıq dövrü yaşayan zəif siyasi orqanizm təsiri bağışlayır. Hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan “qoca qitə vampiri” son bir neçə il ərzində Yaxın Şərq və Şimali Afrikada özünüreabilitasiya cəhdləri baş tutmadıqdan sonra Qafqazda yeni mənfəət payı axtarır. Amma bu, tarixi eyforiya və siyasi taqətsizliyin vəhdətindən yaranan şüursuz eqosentrizmdir (“mənmərkəzçilik”). Ona görə də Paris nəzərə almalıdır ki, artıq yeni dövrdür və XXI əsrin üçüncü onilliyində bir sıra bölgələrdə, o cümlədən Qafqazda strateji mənzərəni hansısa müstəmləkəçi dövlətin mürtəce siyasəti təyin etmir. Cənubi Qafqazda isə geosiyasi tarix Azərbaycanın təqvimi, saatlar isə Bakı vaxtı ilə müəyyən olunur.

İKİ AĞIZDAN BİR AVAZ, YAXUD “İKİ BƏDBƏXT BİR YERDƏ XOŞBƏXTDİR”

Reallıqlara rəğmən, Paris doğru zamanda yanlış məkanda olmaq ənənəsindən əl çəkə bilmir. İndi Makron ilə Paşinyan “iki bədbəxt bir yerdə xoşbəxtdir” fransız atalar sözünə sadiq olduqlarını sübut etməyə çalışırlar. Və təkzibedilməz faktdır ki, rəsmi Paris davamlı olaraq təxribat xarakterli addımları ilə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində, bölgədə sülh və əmin-amanlığın təminatında maraqlı olmadığını nümayiş etdirir. Əslində, bu gün Makron və Paşinyanın iki ağızdan bir avaz ifa etməsi təsadüfi və təəccüblü deyil. Tarixi faktlar və bugünkü reallıqlar fransızlar ilə ermənilərin qan qohumluğuna olmasa da, ortaq gen yaddaşına malik olduqlarını əks etdirir. Sadəcə iki fakta, bir gerçəkliyə nəzər salaq:

- Azərbaycanın əzəli torpaqlarını 30 il ərzində hərbi-siyasi əsarətdə saxlayan ermənilərin məscidlərdə donuz bəsləmələri müsəlmanlara qarşı təhqiramiz münasibətin və barbarlığın göstəricisidir;

- Tunisi 75 il, Əlcəzairi 132 il, Mərakeşi 44 il, Mavritaniyanı 60 il işğalda saxlayan Fransanın istilaçı əsgərlərinin Misirdə məscidlərdə "at oynatmaları", ibadətgahları spirtli içki məclislərinə və tövləyə çevirmələri aşkar faktdır. Ritorik olsa da, soruşaq: əlavə şərhə ehtiyac varmı?!

KÖHNƏ MƏRƏZ YENİ FORMADA VƏ YA BİR MƏSƏLƏYƏ İKİ(Lİ) YANAŞMA

İşğalçı və müstəmləkəçi siyasətə əsaslanan utancverici keçmiş bir tərəfə... Bu gün geosiyasi iqlim dəyişikliyinin müşahidə olunduğu bir vaxtda Fransanın daha bir ənənəvi mərəzi, yaxud köhnə xəstəliyi yenidən baş qaldırıb. Bu ölkənin rəsmiləri yenidən separatizm əhvalına bürünüblər. Dünyanın müxtəlif ölkələrində və bölgələrində bölücülüyə dəstək verməklə varlıqlarını xatırlatmağa çalışırlar. Parisin mütəmadi olaraq Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağdakı terrorçu və bölücülərə dəstək xarakterli bəyanatlarla çıxış etməsi belə mənfi nümunələrdəndir. Amma unutduqları və xatırladıldığı zaman yoxa çıxdıqları bir məqam var: Korsika problemi.

Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada sakinlərinin – korsikalıların tələbləri məlumdur. Fransa hakimiyyəti isə problemi aradan qaldırmaqda, yaxud məsələləri tənzimləməkdə acizdir. Paradoksal haldır ki, korsikalıları ölkəni bölməkdə - parçalamaqda ittiham edən Fransanın siyasi istablişmenti öz sərhədlərindən kənarda separatizmə dəstək verir. Sual olunur: digər regionlarda, xüsusilə Qarabağdakı kiçik separatçı qrupların taleyindən narahat olan Fransa hansı səbəbdən 300 mindən çox korsikalının vəziyyətindən nigaran deyil? Yaxud Fransa hakimiyyəti bölücülüyü bu qədər çox sevirsə, nə üçün dəstəyini "korsikalı separatçılar"dan əsirgəyir?! Məgər belə hallar Korsikada separatizm adlandırılmalıdır, Qarabağda isə yox?!

Mahiyyət aydındır: separatizm adlanan bir problemə iki yanaşma, yaxud eyni məsələyə fərqli münasibət. Amma bu, özünü “Avropanın siyasi lokomotivi” kimi təqdim edən, yenidən geosiyasi güc mərkəzinə çevrilmək ambisiyasında olan bir ölkə üçün üstünlük deyil, ciddi çatışmazlıqdır.

SEÇİM SƏRBƏSTDİR

Nəhayət, Paris nəzər almalıdır ki, dünyada xüsusilə də Cənubi Qafqaz regionunda yeni geostrateji situasiyanın yaranması Avrasiyada beynəlxalq dialoq, inteqrasiya və əməkdaşlıq zəminində bir çox xalqlar və dövlətlər üçün əhəmiyyətli siyasi-iqtisadi dividendlər vəd edir. İndi Paris fakt və alternativ qarşısındadır: ya yeni müstəməkəçilik, ya da yeni reallıqlar? Yaxud ya Fransa reallığı anlamaqla praqmatik davranış sərgiləyəcək, strateji səhvlərə yol verməyəcək, ya da bumeranq effektli siyasət bu ölkənin öz mənafelərini zərbə altına qoymuş olacaq. Seçim sərbəstdir!

Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xəbəri paylaş