
Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində ən böyük beynəlxalq platformalardan birinə ev sahibliyi etməsi Azərbaycanın artıq qlobal, bəşəri əhəmiyyətli problemlərin müzakirə olunduğu məkanlardan birinə çevrildiyini nümayiş etdirir.
Newscenter.az-ın xəbərinə görə, bunu "Report"a açıqlamasında deputat Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, burada söhbət yalnız şəhərsalma və memarlıqdan getmir: "Müasir dünyada şəhərlər artıq iqtisadiyyatın, təhlükəsizliyin, sosial sabitliyin və hətta geosiyasi rəqabətin əsas məkanına çevrilib. Ona görə də urbanizasiya ilə bağlı müzakirələr çoxdan texniki ekspert debatlarının sərhədlərini keçib və dövlətlərin strateji gündəliyinin tərkib hissəsinə çevrilib. WUF13-də iştirak edən dövlət və hökumət başçılarının, nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin sayı da məhz bunu təsdiqləyir. Əgər bir neçə il əvvəl urbanistika daha çox memarların, layihəçilərin və texniki mütəxəssislərin müzakirə sahəsi sayılırdısa, indi bu mövzu artıq siyasi qərarların mərkəzində dayanır.
Forumun əsas mövzusunun "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" başlığı altında müəyyənləşməsi də təsadüfi seçim deyil. Çünki dünya artıq dərin mənzil və urbanizasiya böhranı ilə üz-üzədir. BMT-nin açıqladığı rəqəmlər göstərir ki, milyardlarla insan layiqli yaşayış imkanlarından məhrumdur. Bu statistika sadəcə sosial problemin göstəricisi deyil. Bu, gələcəkdə siyasi sabitliyə, miqrasiya proseslərinə, sosial qarşıdurmalara və humanitar böhranlara birbaşa təsir göstərəcək problemlərdir. Başqa sözlə, şəhərlərin necə idarə olunacağı artıq yalnız memarlıq məsələsi deyil, qlobal təhlükəsizlik məsələsidir".
Deputat bu səbəbdən, Bakıda qəbul edilən "Bakı fəaliyyətə çağırışı" sənədin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Məncə, bu sənədin əsas fərqi ondadır ki, burada ümumi niyyət bəyanatlarından daha çox konkret öhdəliklər və praktiki yanaşmalar ön plana çıxır. Əlçatan mənzil siyasəti, şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması, inklüziv urbanizasiya, münaqişələrdən zərər çəkmiş ərazilərin bərpası kimi məsələlərin vahid çərçivədə təqdim olunması da təsadüfi deyil. Çünki XXI əsrin şəhərləri artıq ayrı-ayrı problemlərlə deyil, bir-biri ilə sıx bağlı böhranlarla qarşı-qarşıyadır".
E.Mirzəbəylinin fikrincə WUF13-ün Bakıda keçirilməsi də təsadüfi seçim deyil: "Son illərdə Azərbaycan ardıcıl şəkildə özünü etibarlı beynəlxalq platforma kimi təqdim edir. COP29-un Bakıda keçirilməsindən sonra WUF13-ə ev sahibliyi artıq ayrı-ayrı hadisələrin təsadüfi üst-üstə düşməsi kimi görünmür. Burada sistemli dövlət strategiyası açıq şəkildə nəzərə çarpır. Azərbaycan yalnız enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində deyil, qlobal humanitar və inkişaf gündəliyində də yüksək səviyyədə iştirak etmək və prosesə töhfə vermək məharətini, qlobal gündəmi istiqamətləndirmək potensialını nümayiş etdirir. Bu prosesin daha bir mühüm tərəfi var. Azərbaycan urbanizasiya və postmünaqişə bərpası ilə bağlı dünya üçün real praktik modelə sahibdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi faktiki olaraq sıfırdan yeni şəhər və kəndlərin qurulması deməkdir. Burada söhbət təkcə dağıdılmış infrastrukturu bərpa etməkdən getmir. Paralel şəkildə "ağıllı şəhər", "yaşıl enerji", rəqəmsal idarəetmə və dayanıqlı yaşayış konsepsiyaları tətbiq olunur. Dünyanın müxtəlif regionlarında münaqişələrdən sonra bərpa problemləri yaşayan ölkələr üçün bu təcrübə ciddi maraq doğurur".
"Bakı qlobal siyasi və humanitar dialoqun yeni mərkəzlərindən birinə çevrilib. COP29 və WUF13-ü bunu təsdiqləyən iki böyük beynəlxalq hadisə hesab etmək olar. Ən vacib məqam isə budur ki, Azərbaycan bu platformalarda yalnız ev sahibi kimi çıxış etmir, ölkəmiz eyni zamanda öz baxışını, inkişaf modelini və gələcəklə bağlı yanaşmasını məharətlə, yüksək peşəkarlıqla təqdim etməyi bacarır. "Bakı fəaliyyətə çağırışı"nın adında Azərbaycan paytaxtının yer alması da sırf simvolik nüans deyil. Bu, Azərbaycanın artıq qlobal qərarların formalaşdığı siyasi və humanitar məkanın iştirakçısına çevrildiyinin göstəricisidir. Müasir dünyada belə status təsadüfən qazanılmır. Bunun arxasında uzunmüddətli strategiya, siyasi iradə və beynəlxalq etimad dayanır",- deputat əlavə edib.










































