
Azərbaycanın müasir siyasi tarixində hər bir ali toplantı dövlətin gələcək inkişaf xəttini müəyyən edən strateji dayanacaq rolunu oynayır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və dövlət başçısının oradakı nitqi ölkəmizin daxili və xarici siyasətinin konseptual əsaslarını yeniləyən mühüm bir mərhələ kimi yadda qaldı. Prezidentin səsləndirdiyi fikirlər sadəcə keçilmiş yola nəzər salmaq deyil, həm də tam suverenliyini təmin etmiş rəsmi Bakının regional və qlobal səviyyədə yeni güc mərkəzi kimi mövqeyini bəyan etmək xarakteri daşıyırdı.
Çıxışın ən mühüm leytmotivi Azərbaycanın qazandığı tarixi zəfərlərdən sonra formalaşan yeni reallıqların qorunması və möhkəmləndirilməsi üzərində qurulmuşdu. Dövlət rəhbəri açıq şəkildə nümayiş etdirdi ki, ölkəmiz artıq müdafiə olunan tərəf deyil, prosesləri idarə edən və gündəliyi diktə edən tərəfdir. Keçmiş münaqişə səhifəsinin tamamilə qapandığını bildirən cənab Prezident gələcək hədəflərin yalnız quruculuq, iqtisadi müstəqilliyin gücləndirilməsi və azad edilmiş torpaqların sürətli reabilitasiyası ilə bağlı olduğunu diqqətə çatdırdı. Bu isə dövlət strategiyasının yeni və daha dinamik bir fazaya keçdiyinin göstəricisidir.
Nitqdə diqqət çəkən digər fundamental məqam xarici təzyiqlərə və daxili sabitliyi pozmağa yönəlmiş chdlərə qarşı sərgilənən qətiyyətli mövqe oldu. Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin və yad ideoloji təsirlərin qarşısının bundan sonra da amansızlıqla alınacağı mesajı çox aydın şəkildə ifadə edildi. Prezident vurğuladı ki, ölkənin təhlükəsizliyi və milli maraqları hər hansı geosiyasi konyunkturadan və ya kənar rəylərdən qat-qat üstündür. Praqmatik və təmkinli xarici siyasət xəttinin davam etdirilməsi Azərbaycanı regionun ən etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşına çevirir.
Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































