Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə yaratdığı yeni situasiya və reallıqlar,eləcə də son illər baş verən hadisə,proses və kataklizmlərindən qaynaqlanan yeni geosiyasi reallıqlar Türk dövlətlərinin tərəfdaşlığının daha dərin məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib.Son illər bu istiqamətdə həm strateji məzmunlu vacib səndlərin qəbul edilməsi,hüquqi təminatlar,həm də təşkilatı tədbirlər və sair baxımından xeyli məqsədyönlü iş görülüb.Türk Dövlətləri Təşkilatı (TDT) üzv dövlətlər arasında əməkdaşlıq üçün mühüm platformaya çevrilib.TDT çərçivəsində inteqrasiyanın genişləndirilməsi və dərinləşdirilməsində Azərbaycan-Türkiyə birliyi lokomotiv rolunu oynayır.Bununla yanaşı 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxan Azərbaycan həmin yeni hədəflərə çatmaq yolundakı fəaliyyətində Türk Dövlətləri ilə əməkdaşlığın yeni keyfiyyət halına gətirilməsindəki rolunun miqyasları, yüksək fəallıq dərəcəsi və təsir dairəsi baxımından ona həm də xüsusi missiya xarakteri verməkdədir.Bu özünü son vaxtlar Azərbaycanın Türk Dövlətləri ilə müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirməsinin timsalında daha əyani şəkildə göstərir.
Azərbaycanın bu yeni rolu Türk Dövlətləri arasında əməkdaşlığın strateji müttəfiqlik səfviyyəsinə qalxamasında xüsusi rol oynayır.2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsindən sonra digər türk dövlətləri ilə də analoji sənədlər imzalanır.2022-ci ili avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azəbaycana rəsmi səfəri zamanı imzalanan 20-dən artıq sənədin arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” də var. Bu strateji sənəd Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlara,ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələrinə,iki qardaş xalqın gələcəyə baxışlarında üst-üstə düşən məqamlara və bu birliyin qarşılıqlıqlığının gətirəcəyi faydalara söykənir. Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamənin imzalanması gələcək fəaliyyətimiz üçün çox ciddi hüquqi baza olaraq göstərir ki, Azərbaycan və Qazaxıstan təkcə fikirdə,sözdə deyil, əməldə də strateji tərəfdaş və müttəfiqlərdir.Bu özünü Azərbaycan prezidenti İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri zamanı yüksək səviyyədə göstərdi. Bu səfərin əsas qayəsi ondan ibarətdir ki, Qazaxıstanla müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk.Bu kontekstdə Qazaxıstan və Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqliyin əsas məsələlərini ətraflı müzakirə etdilər.Tərəflər siyasi, ticari-iqtisadi, nəqliyyat, tranzit, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi yer verdilər. Ən yüksək səviyyədə danışıqların əsas mövzularından biri Qazaxıstan neftinin bir hissəssinin Azərbaycana tədarük edilməsi və Qərb bazarlarına çıxarılmasının təmin edilməsi məsələsi oldu. Ekspertlər hesab edirlər ki, neftin transxəzər marşrutu ilə nəqli, əmtəə axınının da bu istiqamətə yönləndirilməsi üçün ən perspektivli variantdır. Qazaxıstan da öz məhsullarının getdikcə daha çox hissəsinin Azərbaycan üzərindən ixracına maraq göstərir.Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təkcə Qazaxıstan üçün deyil,ümumiyyətlə perspektivli marşrut kimi prioritetə çevrilir.
Görüşlər zamanı Azərbaycanla Qazaxıstan arasında digər sahələr üzrə də əməkdaşlıq potensialı kifayət qədər yüksək qiymətləndirilib və bildirilib ki, reallaşdırılması lazım olan əməkdaşlıq üçün daha böyük potensialı var.Yeni reallıqlardan çıxış edərək və Azərbaycan və Qazaxıstanın malik olduğu böyük potensialı nəzərə alaraq demək olar ki, bu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində ticari-iqtisadi sahədə mövcud potensiallardan daha dolğun istfadə edilməsi istiqmətində səyləri artırmaqla yaxın perspektivdə ticarət dövriyyəsini 2022-ci ildəki 500 milyon dolların altındakı səviyyədən 1 milyard dollara və ondan da yüksəyə qaldırmağa nail olmaq olar. Ölkələrimizin tranzit imkanlarından daha geniş miqyasda istifadə edilməsi ilə, xüsusilə də “Orta dəhliz”in artan rolundan daha səmərəli istifadə etməklə tranzit yüklərin həcmini dəfələrlə artırmaq olar.Qarşılıqlı etimada əsalanan bu cür iş birliyi nəticəsində ortya qoyulan Orta Dəhlizin önəmi artdıqca onun əhatə etdiyi regionların da etibarlı, sabit və invüstisiyalar qoymaq üçün əlverişli məkan kimi də əhəmiyyəti artıracaqdır.Eyni zamanda Qazaxıstan-Azərbaycan danışıqlarında o da vurğuland ki, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətləri təkcə iki ölkənin deyil,həm də türk dünyasının bütün coğrafiyanın maraqlarını ifadə edir.
Əli Məsimli-Milli Məclisin deputatı