Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hərbi qiyam, yoxsa hakimiyyətdaxili qarşıdurma?

Hərbi qiyam, yoxsa hakimiyyətdaxili qarşıdurma?


Bu gün informasiya aləmində - elektron resurslarda, çap mediasında, efir məkanında (o cümlədən siyasətçilər və siyasətşünasların dilindən) yeni və müasir tariximizlə bağlı ciddi qüsurlara, nöqsanlara yol verilir. Məsələn, 1993-cü ilin iyun hadisələri ümumi şəkildə (və dərinə getmədən) belə təsvir edilir: “4 iyun 1993-cü ildə Azərbaycanda hərbi qiyam baş verdi”. Yaxud bu məsələni şərh edərkən “dövlət çevrilişi” anlayışından istifadə edilir. Və bu, hakimiyyət dəyişikliyinin səbəbi kimi göstərilir.

Təbii ki, dəqiq və doğru yanaşma deyil.

Bəllidir ki, həmin vaxt AXC-Müsavat cütlüyü idarəetmə sükanının arxasında olsa da, Azərbaycan idarəolunmaz vəziyyətdə - böhran içində idi. Bu situasiya ölkəni siyasi, ideoloji, ictimai, iqtisadi baxımdan iflic vəziyyətinə salmışdı. Təfərrüatlara varmağa - bütün detalları ayrıca təqdim etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, iki məqam xüsusilə diqqəti cəlb edir:

- birincisi, respublikanı idarə etmək, hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər həm hazırlıqlı, həm də yerində deyildilər;

- ikincisi, ölkədə xaos və anarxiya, hakimiyyətdaxili çəkişmələr pik həddə çatmışdı. Ayrı-ayrı qruplar “mərkəzi hakimiyyət”ə (əslində, nə mərkəz, nə də funksional hakimiyyət var idi) tabe olmaq istəmirdi. Özbaşınalıq, özfəaliyyət gündəlik ictimai-siyasi həyat tərzinə çevrilmişdi.

Belə bir şəraitdə, hakimiyyət böhranının, qruplararası çəkişmənin ən yüksək həddə çatdığı vaxtda - 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan korpus komandiri tabeliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə korpus komandirinin başçılıq etdiyi qrupla hökumət qüvvələri qarşı-qarşıya gəldi. BU, HAKİMİYYƏT DAXİLİNDƏ İKİ FƏRQLİ QRUPUN TOQQUŞMASI İDİ.

BU SƏBƏBDƏN HADİSƏLƏR “HƏRBİ QİYAM” DEYİL, VƏTƏNDAŞ QARŞIDURMASI ADLANDIRILMALIDIR.

Hərbi qiyam adətən iqtidara müxalif olan silahlı qüvvələr tərəfindən törədilir və həmin qruplaşma çevriliş nəticəsində hakimiyyətə yiyələnir. Azərbaycanda isə belə bir situasiya yox idi. Surət Hüseynov AXC-Müsavat dövründə prezident tərəfindən vəzifəyə təyin edilmiş, hətta ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Və həmin vaxt S.Hüseynovun mərkəzi hakimiyyətlə qarşı-qarşıya gəlməsinə (komandanlığa tabe olmamasına) səbəb, qeyd etdiyimiz kimi, rəhbərlik etdiyi briqadanın ləğvi ilə bağlı qərarın imzalanması idi. Göründüyü kimi, burada məsələ siyasi çevriliş və ya hərbi qiyam deyil, yarıtmaz idarəetmə nəticəsində hakimiyyətdaxili toqquşma, siyasi böhran idi. Bu, vurğuladığmız kimi, vətəndaş qarşıdurması idi.

Hadisələri “hərbi qarşıdurma” kimi səciyyələndirənlər, hər şeydən öncə, Ulu Öndər Heydər Əliyevin məsələ ilə əlaqədar fikirləri ilə tanış olmalıdırlar. Ümummilli Lider “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”, - deyə qeyd etmişdi.

Xalq isə hərbi qiyam etmir, narazılığını - etirazını bildirir, istefaya dəvət edir və ölkənin gələcəyi üçün növbəti - müvafiq seçimini edir.

Belə bir deyim var: tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. Tarix həm də dünəndən dərs almaq, nəticə çıxarmaq, bu günün və sabahın siyasətini düzgün müəyyənləşdirmək üçündür. Ona görə də hadisələri, prosesləri zaman və məkan məfhumlarından asılı olmayaraq, tarixi və ictimai-siyasi yaddaşda dəqiq və düzgün əks etdirmək lazımdır.

Nurlan Qələndərli-YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Xəbəri paylaş