
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında geniş tərkibdə görüş keçirilib. Rəsmi qarşılanma mərasimindən sonra baş tutan görüş, iki ölkə arasında uzun illər durğun olmuş münasibətlərə yeni nəfəs verib.
Bundan əvvəl, Azərbaycan və Suriya prezidentləri Antaliyada keçirilən forum zamanı bir araya gəlmiş, iki ölkə arasındakı münasibətlərin inkişafı üçün müzakirələr aparılmışdı. Bu görüşdə Azərbaycan tərəfindən Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmişdi.
Suriyanın yeni hakimiyyəti dövründə, Azərbaycan Türkiyə ilə birlikdə bu ölkənin inkişafına və bərpa-quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bildirmişdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti və Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olmuş, Azərbaycan tərəfindən bu ölkənin bərpa və quruculuğuna necə dəstək verilə biləcəyini müzakirə edilmişdi.
Azərbaycan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qlobal xarici siyasət konsepsiyasına keçərək, geniş coğrafiyalarda fəal xarici siyasət yürütməyə başlamışdır. Prezident İlham Əliyevin şəxsi nüfuzu, ölkəmizə yeni tərəfdaşlıq modelləri gətirməkdə və yeni müttəfiqlər qazanmaqda önəmli rol oynamışdır.
İşğala son qoyduqdan sonra, Azərbaycan apardığı genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində bu sahədə unikal təcrübə toplamışdır. Bu təcrübə Suriya üçün də faydalı ola bilər. Tarixən, Azərbaycanla Suriya arasında yaxşı əlaqələr olmuşdur, lakin öncəki rəhbərlik bu əlaqələrin inkişafına mane olmuşdu.
Ümumilikdə, hazırda Azərbaycan-Suriya əlaqələrində yeni inkişaf mərhələsi yaşanır. Bu, həm strateji əməkdaşlığı, həm də iqtisadi əlaqələri əhatə edən çoxşaxəli bir müstəvidə baş verir. Hər iki ölkə üçün faydalı olan bu əməkdaşlıq, Yaxın Şərq regionunda sabitliyin bərqərar olmasına da öz müsbət təsirini verə bilər.
Pərvanə Vəliyeva
Milli Məclisin üzvü