Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Borc müqaviləsi necə və hansı hallarda bağlanır? -ÖZƏL

Borc müqaviləsi necə və hansı hallarda bağlanır?


Bir çox insanlarımızın hüquqi cəhətdən bəzi məsələlərdən məlumatsız olması zaman-zaman bu və ya digər problemlərin ortaya çıxmasına səbəb olur. Belə problemlər sırasında əsasən borc və kredit məsələləri çoxluq təşkil edir. Borc alıb qaytarmamaq, yaxud kredit götürərkən zəmanətçi durmaq bəzi hallarda tərəflər arasında ciddi problemlərə yol açır. Hətta məhkəmı predmetinə belə çevrilir. Ona görə də bir qayda olaraq bu kimi məsələlərdə hər hansı addımı atmadan əvvəl hüquqi cəhətdən bilgilənmək, xüsusən də tərəflər arasında rəsmi müqavilə bağlamaq zəruri sayılır.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Vəkil qeyd edir ki, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür:

“Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır”.
Vəfa Qədirova deyib ki, borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır:
“Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə 1 ilin sonunda ödənilməli, borc 1 il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır”.

Vəkil onu da diqqətə çatdırıb ki, 110 manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti 3 ay, daha az məbləğdə borclar üçün 1 ay təşkil edir:

“Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Borc vermək vəd edildikdə vəd edən borc verməkdən o halda imtina edə bilər ki, digər tərəfin əmlak vəziyyəti borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşmiş olsun. Borc vermək vədi yazılı surətdə tərtib edilməlidir”.

İnqilab Süleymanov
Xəbəri paylaş