Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə Azərbaycanın çətin günləri geridə qaldı

Heydər Əliyevin 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə Azərbaycanın çətin günləri geridə qaldı


Heydər Əliyevin 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə Azərbaycanın çətin günləri geridə qaldı”

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.

Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələrinə yeni nəfəs gəldi. Ulu Öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişərək, Milli Məclisə siyasi mədəniyyət gətirdi.

O, ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladı və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etdi. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıldı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.

Ali Sovet 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi.

Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. O, rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən və milli varlığımızı yaşadan ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün əhəmiyyətli dövlətçilik təcrübəsidir.

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etdi. Həmin illərdə ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi.
Müəllifi Ulu Öndər Heydər Əliyev olan “azərbaycançılıq” ideologiyası bu gün də xalqın birliyini təmin edir. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir.
Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdi. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir və onun bu misilsiz xidmətləri heç vaxt unudulmayacaq. Heydər Əliyev dahi şəxsiyyət kimi Azərbaycan tarixində və xalqımızın qan yaddaşında həmişə yaşayacaqdır.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş