AŞPA-nın yay sessiyasında “Rəqəmsal uçurumun aradan qaldırılması: rəqəmsal texnologiyalara bərabər çıxışın təşviq edilməsi” mövzusunda müzakirələr keçirilib. Newscenter.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin üzvü Könül Nurullayeva mövzu ilə bağlı təqdim etdiyi yazılı çıxışda qeyd edib ki, müasir iqtisadiyyatda kommunikasiya texnologiyaları iqtisadi artımın təşviqində və sərvətin yaradılmasında mühüm rol oynayır. Beləliklə, bərabərliyi və irəliləyişi təşviq etmək üçün müxtəlif sahələr üzrə rəqəmsal bərabərsizliyi aradan qaldırmaq çox vacibdir.
Deputat Azərbaycan təcrübəsinə də toxunub:
“Azərbaycanda rəqəmsal uçurumu effektiv şəkildə aradan qaldırmaq və rəqəmsal texnologiyalara bərabər çıxışı təmin etmək üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Bütün vətəndaşlar üçün internetə əlçatanlığı artırmaq məqsədilə infrastrukturun genişləndirilməsinə əhəmiyyətli investisiyalar qoyulmuşdur. Məsələn, əhalinin elektron xidmətlərdən daha geniş istifadə etməsi “ASAN xidmət”in məqsədlərindən biridir. Agentliyin missiyası dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təşkilində müasir innovativ texnologiya və metodların tətbiqi ilə vətəndaş məmnunluğuna nail olmaqdan ibarətdir.”
K.Nurullayeva qeyd edib ki, hamı üçün etibarlı və sərfəli internet bağlantısını təmin etmək üçün rəqəmsal infrastruktur, xüsusən də xidmət göstərilməyən ərazilərə investisiyaların prioritetləşdirilməsi çox vacibdir:
“Bu, əhatə dairəsinin genişləndirilməsinə, şəbəkə tutumunun artırılmasına və internet xidmətlərinin qiymətinin aşağı salınmasına diqqət yetirən dövlət-özəl tərəfdaşlıq və hökumət təşəbbüsləri vasitəsilə əldə edilə bilər. İkincisi, fərdləri rəqəmsal texnologiyalardan səmərəli şəkildə istifadə etmək məqsədilə lazımi bacarıq və biliklərlə təchiz etmək üçün hərtərəfli rəqəmsal savadlılıq proqramları həyata keçirilməlidir. Bu proqramlar təcrid olunmuş icmaları, yaşlı əhalini və əlilliyi olan şəxsləri hədəfə almalı, inklüziv rəqəmsal iştirakın təşviqi üçün təlim və resurslarla təmin etməlidir. Bundan əlavə, rəqəmsal inklüzivliyin təşviqi maraqlı tərəflər arasında əməkdaşlığı tələb edir. Hökumətlər texnologiya şirkətlərini əlverişli və əlçatan həllər hazırlamağa təşviq edən siyasətlər qurmalıdır.”K.Nurullayeva hesab edir ki, xüsusi olaraq, təhsil müəssisələri ilə əməkdaşlıq rəqəmsal bacarıqların öyrədilməsi proqramlarının təcrid olunmuş icmalara çatmasını təmin edərək, bərabər çıxış və səlahiyyətlərin artırılmasını təmin edə bilər: “Eyni zamanda, rəqəmsal aləmdə şəxsi məlumatların və məxfilik hüquqlarının qorunmasını prioritet hesab etməyimiz vacibdir. Bu məsələyə nəzarətin gücləndirilməsi istifadəçilər arasında etimadı gücləndirəcək, rəqəmsal sahədə daha geniş iştirakı təşviq edəcək.”
Ruhiyyə