"Fransada 17 yaşlı əlcəzairli yeniyetmə sürücünün polis tərəfindən atəş edilərək öldürülməsi ölkənin müxtəlif bölgələrində hökumətə qarşı etirazlara səbəb oldu. Makron hökuməti etirazçılara qarşı ölkənin güc strukturlarından istifadə etməyə üstünlük verdi və nəticədə vəziyyət daha da böyüyərək məcrasından çıxdı. Məlumatlara görə, 250-dən çox bank və filialları qarət edilib. Onlarla böyük ticarət mərkəzi və minlərlə dükan, market və xidmət sahələri, polis, bələdiyyə və digər obyektlərə ciddi şəkildə ziyan dəyərək, viran qoyulub. Prezident Makron isə özünə məxsus şəkildə olub bitənlərin səbəbini internet oyunlarında, tiktokda və sosial medianın digər sahələrində gördüyünü bildirib. Əslində bu hadisələr Makron hökumətinin səhv siyasətinin nəticəsidir".
Bu fikirləri Newscenter-az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Makron etirazçıları dinləmək yerinə və yaranmış vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, ölkənin 10-böyük şəhərində komendant saatı tətbiq etdi, nümayişçilərin üzərinə gedən polis qüvvələrinin sayını üç dəfə artırdı:
"Nəticədə yüzlərlə insan həbs edildi. Məhz bu səbəbdən Makronun reytinqi düşərək 20 faiz təşkil edir. Ölkənin müxalifət partiyaları olub bitənləri hökumətin sərt və normal olmayan siyasəti ilə əlaqələndirirlər. Fransada sözün həqiqi mənasında müsəlmanlara və İslama qarşı ədalətsizlik var. Movcud hakimiyyət bu problemləri çözmək və həll etmək əvəzinə onu daha da diskriminasiya nöqtəsinə qaldırır və dini, irqi çağrışlar həyata keçirilir".
Ekspertin sözlərinə görə, son günlərdə yerli millətçi fransızlar çalışırlar ki, münaqişənin mahiyyətini dəyişsinlər:
"Onlar bunu müsəlman yəhudi münaqişəsi kimi qələmə verməyə çalışırlar. Bu müsəlmanlarla yanaşı yəhudi xalqının da etirazına səbəb olub. Bununla bağlı İsrail hökuməti artıq Fransaya öz etirazını bildirib. Yaxşı olardı ki, ölkədə baş verən antisemitizm təzahürlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılaydı və dini irqi ayrı-seçkilik siyasətinə son qoyulaydı. Əks təqdirdə Makron hökumətinin sonu görünür".
Anar Əliyev