Adətən boşanmalar zamanı tərəflər arasında yaranan başlıca problemlərdən biri alimentlə əlaqədar olur. İstər onun təyini, istərsə də məbləğində bir qayda olaraq narazılıqlar meydana çıxır. Bəzi hallarda isə aliment öhdəliklərinə xitam verilməsi halı baş verir. Maraqlıdır ki, aliment öhdəliklərinə hansı hallarda xitam verilə bilər?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Onun sözlərinə görə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə bir çox hallarda xitam verilir:
"Uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə, aliment ödənilən uşaq övladlığa götürüldükdə, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda alimentin ödənilməsinə xitam verilir. Eyni zamanda aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə, əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda da anoloji hal baş verir".
İnqilab Süleymanov