"Azərbaycan bir neft ölkəsi olsa da onun müasir enerji strategiyasının əsasında indi daha çox yaşıl enerji resurslarının hərəkətə gətirilməsi dayanır. Son bir neçə iildə Azərbaycan hökuməti bu istiqamətdə ciddi addımlar atıb. Ölkəmizin yerləşdiyi ərazidə külək və günəş enerjisindən istifadə imkanları yetərincə böyükdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, Azərbaycanda su elektrik stansiyaları şəbəkəsinin genişləndirilməsi və bu sahədə dağ çaylarının çox olduğu, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərimizdəki potensialdan istifadə edilməsi nəzərdə tutulur:
"Bu gün dünya dəyişir. Neftin bəşəriyyətə verdiyi faydalarla yanaşı onun yaratdığı ekoloji problemlər indi bəşəriyyəti ciddi narahat edən məsələlərdən biridir. Bu səbəbdən hazırda dünyada alternativ enerjidən istifadəyə sürətli keçid baş verir. Artıq Avropanın bəzi ölkələri elektrik enerjisinə olan təlabatının 50%-dən çoxunu alternativ mənbəələr hesabına təmin edir. Dünyada elektromobillərin sayı kosmik sürətlə artır. Bu gedişlə 2030-cu ilin əvvəllərinə bu gün yanacaqla işləyən avtomobillər retro avtomobillər sırasına keçəcəklər".
Fikrət Yusifov bildirib ki, Azərbaycan yaşıl enerigetikanın inkişafı və onun ölkənin əsas enerji təminatçısına çevrilməsi istiqamətində qarşıya ciddi hədəflər qoyub:
"Biz artıq bu yolla əldə edəcəyimiz yaşıl enerjini Avropaya satılması üzərində düşünürük və bu istiqamətdə artıq ciddi addımlar atılıb.
Qarabağ və Şərqi Zəngəzur "Yaşıl Enerji Zonası" elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur".
İctimai birlik sədri onu da deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Süleyman İsmayilbəyli