Rəşid Faxralını 1993-cü ilin mayından tanıyıram. Onda Zəngilanda alay komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində xidmət edirdim. Müdafiə Nazirliyi Sənədli Filmlər Kino-tele Studiyasının əməkdaşları - Seyidağa Mövsümlü, Etibar Şirin, bir də Rəşid Faxralı rayonumuza ezamiyyətə gəlmişdilər. Mövqelərdə olduq, döyüşçülərlə söhbətləşdilər. Onda Rəşidin söhbətləri də, arada dediyi şeir misraları, bəndlər də Zəngilanı qoruyanların ruhuna sarılırdı. Bartazda da, Şüküratazda da, Kolluda da, Sobuda da bu gözəl ünsiyyət hamımızı duyğulandırırdı. Rəşid zəngilanlıların, Zəngilanı müdafiə edənlərin adından Zəgilana xitabən deyirdi: "Sənsiz qalsam damarımda donar qanım, Zəngilanım!" Bu şeir sonralar "Zəngilan" sənədli filmində səslənmişdi, Aydın Ağasiyev bəstələmişdi.
Zəngilanda təxribat törətmək, zəngilanlıları Zəngilandan köçməyə vadar etmək istəyirdilər. O ağır vaxtlarda Rəşid Faxralı da Zəngilandaydı. Gedən köçləri, gedən köçlərin qarşısını kəsənləri görəndə Rəşidin necə kövrəldiyini də gördüm, o kövrəklik içində bədahətən dediyi şeiri də eşitdim: Ağlar günə qalıbsan, Ağla, Rəşid Faxralı. Bu şeir bütün zəngilanlıların əzbərindəydi...
Alatoranda Oxçu çayıyla kəlmələşdiyini də görmüşdüm, gecənin bir aləmində düşmənlə üzbəüz mövqelərdə başını döyüşçülərdən birinin çiyninə söykəyib mürgülədiyini də, Mahrızlıda (Qubadlının işğalından sonra düşmənin Zəngilana gözlənilən hücumunun qarşısını almaq üçün Zəngilan alayı Qubadlı ərazisində də döyüş postları qurmuşdu) düşmənin qəfil həmləsinin qarşısı alındıqdan sonra Baloğlanı bağrına basdığını da, sevincindən, qürrədən necə kövrəldiyini də...
Zəngilan mühasirədə olanda da gəlmişdilər, helikopterlə İran ərazisindən keçməklə gəlmişdilər. Alay komandiri, polkovnik Firidun Şabanov onları - Seyidağayla Rəşidi qaytarmaq istəmişdi, qayıtmamışdılar, Zəngilanın son anına kimi zəngilanlılarla nəfəs-nəfəsə olmuşdular. Onlar da mühasirədən Arazı keçməklə qurtulmuşdular. Üç gün sonra "Azərbaycan Ordusu" qəzetində Rəşid Faxralıının bir məqaləsi dərc olundu: "Arazı mən də keçdim ürəyimdə dərd yükü". Bu məqaləni zəngilanlılar Zəngilanın taleyinə SÖZ təəssüfü kimi oxudular, hamı məqalə müəllifinin - Rəşid Faxralının ürəyinin genişliyini düşüncələrinin haləsi bilmişdi...
Rəşid Faxralı hələ Gürcüstanda yaşayanda da, Bolnisi "Qələbə bayrağı" rayon qəzetinin redaktoru olanda da düşüncələrində bir müqəddəslik dolaşırdı: Vətən. Rəşid üçün Vətən anlamı "Qırmızı körpü"ylə sərhədlənmir. "Vətənin o başı, bu başı olmur" düşün-cəsiylə yaşayır Rəşid. "İnşaatçı" qəzetində işləyəndə, 1991-ci ildə Xocalıdan yazdığı məqalədə də, Şuşadan yazdığı essedə də, "Ədalət" qəzetində yazdığı publisistik məqalələrdə də ("Torpaq", "Fərarilik", "İnam" və s.) vətənsevərliyin cəfakeşi olub. Ümumiyyətlə, Rəşid Faxralının jurnalistika yaradıcılığı vətənpərvərliyin publisistikasıdır desək, daha ədalətli olar. Onun "Zaman, biz və kişiliyimiz", "Goranboy əməliyyatı" (Mehman Süleymanovla birlikdə), "Ömür düsturu", "Səngərdən əbədiyyətə", "Lələtəpə", "Bayraqtəpə", "Əsgər nəfəsi", "Salam, ruhumuzun şəhəri Şuşam!", ...kitabları Rəşid Faxralının vətənsevərlik fəlsəfəsinin mətbu ifadəsidir. "Əsgər nəfəsi" kitabı tarixi Zəfərin bir illiyinə həsr olunub. Məqalələr "Azərbaycan Ordusu" qəzetində dərc olunmuş məqalələrdir. Hamısının sonunda dərc tarixi göstərilib. Qürurlanırsan, fərəhlənirsən ki, jurnalist olaraq Rəşid Faxralı işğal müddətində Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun ruh qardaşı olub. Nə yazırdı Rəşid? - "Əsgər ürəyindən başlanır Vətən!", "Səngər müvəqqəti dayanacaqdı, Böyük Qələbənin yolları üstə!" "Bu həsrətin son nəfəsi - Qələbə!", "Şuşaya aparan yollar görünür", "Bir ovuc torpaq da Vətəndi"... Bu məqalələr ayrılıqda Azərbaycan əsgərinin düşüncələrinin ruh sirdaşı olmuşdu. Mən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında (indiki Hərbi İdarəetmə İnstitutunda) işləyəndə akademiyada təhsil alan yüksək rütbəli zabitlər Rəşidin məqalələrini Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığında olduqca əhəmiyyətli hesab etdiklərini bildirirdilər. Bu məqalələr döyüş əzmini ovxarlayırdı, qələbə ruhunun ruhuna dönürdü. Zabitlərdən biri demişdi ki, "Şuşaya aparan yollar görünür" məqaləsini oxuyan əsgər səngərdən döyüşməyə çıxmağa can atırdı. Həmin məqaləni mən də xatırlamışdım, bu söhbətdən sonra həmin məqaləni bir də oxumuşdum: "...Lələtəpənin sağından keçən yol bizi Cıdır düzündə dayanıb Topxanaya baxacağım anlara aparacaq. Onda Şuşanın dumanı çəkilmiş dağlarına baxıb Şuşada şəhid olanlarımızı xatırlayacam. Onların 1991-ci ilin mayınacan keçdiyi cığırlara düşəcəm, sonuncu səngərdən dövlət sərhədlərimizə göz gəzdirəcəm. "Bu yollara-cığırlara bir də yad ayağı dəyməyəcək! Bu yollara-cığırlara yad nəfəsi toxunmayacaq!" - düşünürəm. Bu düşüncələr Azərbaycan əsgərinin inamıdır!.. Əsgərlərimizin ürəyindən keçən bu yol bizi Şuşaya yetirəcək! Şuşaya aparan yolda əsgərlərimizin iziycə dizin-dizin gedərəm! Gedəcəm! Ruhumuzun yoludu bu yol! Şuşaya aparan yollar görünür, əsgər qardaşım!" Məqalə 2016-cı il iyunun 26-da dərc olunub, Aprel döyüşlərindən az sonra. Jurnalist inamının dönməzliyinə necə heyrətlənməyəsən, bu dönməzliklə necə qürurlanmayasan! Bu, jurnalist Rəşid Faxralının bizlərə - oxucularına yaşatdığı qürurdur, Qələbədən rişələnən qürurdur...
Rəşid Faxralı sözü sevə-sevə sevdirir, bu sevgini vətəndaşlıq borcunun tərkib hissəsi bilənlərin sırasında mən də varam. Rəşid yazmışdı: "Sənə xidmət edirik, Vətən! Əsgərlərin döyüş ruhunun, qələbə ruhunun əsgəriyik - sənin əsgərinik, Vətən! Yaxın vaxtlarda əsgərlərin Ali Baş Komandanın əmriylə səngərləri sərhədlərimizə köçürəcək!.." Məqalə 2018-ci il martın 16-da "Azərbaycan Ordusu" qəzetində dərc olunub. Bu inamı da SÖZün qüdrəti kimi oxumuşam, 6 il əvvəl yazılsa da, 6 il əvvəl dərc olunsa da, SÖZdə, jurnalistin Vətənə sevgisindən boy göstərən inamını jurnalistikamızın təxəyyülü bilmişəm. Rəşid Faxralının jurnalistika yaradıcılığı belə yaradıcılıqdır...
Jurnalist Rəşid Faxralının fikir dünyasını şair Rəşid Faxralımı davam etdirir, yoxsa şair Rəşid Faxralının poetik dünyasının söz yükünü jurnalist Rəşid Faxralımı çəkir? Əsgərlərlə görüşlərinin birində əsgərin "Jurnalist Rəşid Faxralı, şair Rəşid Faxralı, zabit Rəşid Faxralı. Hansını daha çox dəyərləndirirsiniz?" Onda Rəşid cavab olaraq deyib ki, "Jurnalist Rəşid Faxralı da, şair Rəşid Faxralı da, zabit Rəşid Faxralı da vətəndaş Rəşid Faxralıya - Rəşid Məmməd oğluna borcludur!" Gözəl suala gözəl cavab çoxları kimi mənə də gözəl könül xoşluğu vermişdi...
Rəşid Faxralı həm də şairdir. Onun məqalələrinin poetikası da bununla bağlıdır. Neçə-neçə şeirlər kitabının ("Gözümdə hönkürür bir dəli sevda", "Könlüm cənnət qapısıdı", "Ömrümün üç nöqtəsi" və b.) müəllifidir, neçə-neçə ədəbi mükafata layiq görülüb. Onun vətənpərvərlik şeirləri də düşüncələrə ünvanlanır. "Səngər yazı masamdı" deyən Rəşid Faxralı var səsiylə "salam, əsgər qardaşım!" deyir. Bu səmimiyyətlə salamladığı əsgərə deyir ki:
Yayın yay günündə ruhuma yağan,
Ruhumu üşüdən qara bax!" deyir,
"Qopardıb atarıq qara bağları,
Qarabağ, Qarabağ, Qarabağ!" deyir
Dan üzü səngərdə yazılan şeir...
Şeir 2019-cu ilin noyabrında yazılıb. Bir beyt şair ruhundan süzülən işıq kimi görünür:
Tarixlər yazanın patrondaşıdı,
Dan üzü səngərdə yazılan şeir...
Rəşid Faxralının müxtəlif illərdə İkinci Qarabağ müharibəsinə kimi yazdığı və dərc etdirdiyi "Müharibə", "Savalandan yellər əsə", "Min illərin duası" və s. poemalarında da Vətənin müqəddəsliyinə poetik ehtiram var, İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərdən sonra yazdığı "Torpağım bəsdi mənə", "Salam, ruhumuzun şəhəri Şuşam", "Qələbəyə salam olsun!", "Domokl qılıncı" və b. poemaları da Vətənə sevginin poetikasıdır. "Torpağım bəsdi mənə" poeması Füzulinin işğaldan azad edilməsinə həsr olunub. Qaçqın ana işğaldan sonra kəndlərindədir, evinin görkəmi qəlbini qana döndərib. Bu, onun ruhunun qəddini əyə bilmir:
Həyət mənim, öyüm yox,
Yerim budu, göyüm yox,
Divarımın daşları
Görün necə tökülüb,
Müxənnət əlləriylə
Çal-çəpərim sökülüb,
Daha qaçqın deyiləm,
Torpağım bəsdi mənə!..
Rəşid Faxralının "Gerçək nağıllar" mənzuməsi də vətənpərvərliyin poetik ifadəsi kimi oxunur: "...İki əsgər vardı - Ziyəddin, Kəramət. Hərbi xidmətə eyni gündə gəlmişdilər. İlk "salam-əleyk"dən bu yana bir yerdəydilər. Eyni taqımda xidmət edirdilər, çarpayıları yan-yanaydı. İkisi də torpaq mehirliydi, ikisi də tariximizi yaxşı bilirdi. İkisi də dürüst dostuydu. Yuxuları dolaşıq düşəndə pıçıltıyla Başlıbel faciəsindən danışırdılar, Qaradağlı faciəsindən danışırdılar, Meşəli, Ağdaban, Xocalı faciəsindən danışırdılar. İşğalı sonlandırmaq üçün, Şəri biryolluq yox eləmək üçün onlar da müharibə istəyirdilər...
Müharibə başladı. Müharibə xalqın müharibəsiydi. Bu iki dost Füzuli istiqamətində döyüşürdü. Komandirləri ikisinə və daha iki döyüşçüyə döyüşlə sol tərəfdən düşmənin diqqətini yayındırmaq əmri vermişdi. Həmin tərəfdə döyüşürdülər...
Kəramətin avtomatı kirimişdi. Ziyəddin ona sarı süründü. Sürünə-sürünə onu səslədi. Kəramətin səsimi gəlmədi, Kəramət onu eşidəmi bilmədi, hər nəyiydisə, Ziyəddinin qəlbini gümanlar didişdirirdi. Bir də səslədi. Güllə səsləri içində səssizlikdən ürəyi sıxıldı. Güllələr papağını sıyırdı. Dizi üstə sürünə-sürünə dostuna yetişmək, onun köməyinə çatmaq istədi...
Dostunun gəlişini duyan Kəramət azca dikəldi. Elə bil gözlərinin işığı artdı. Dar macalda həzin-həzin əsən meh ümidinin köynəyinə döndü, göynəyinin məlhəminə. Dirsəklənmək istədi. Ağrılar imkan vermədi. Canını dişinə sıxıb döyüşlər gedən tərəfə baxdı. Sonra - Ziyəddinə sarı. Gözləri torlaşmışdı...
"Qayıt, döyüşə qayıt,
Döyüş - ömürdən ötə..." -
Kəramətin səsindən
Bir döyüşçü istəyi
Dikəldi pərdə-pərdə...
Heç biri bilmədi ki,
Ömür tilsimə düşür
Ölüm gərnəşən yerdə...
"Kəramət!", - Ziyəddinin
Qəfil qırıldı səsi.
Sözünü bitirməyə
Çatmadı son nəfəsi.
Sinəsinə dəymişdi
Snayperin gülləsi.
Qaranlıqlar alınca
gözünün qarasını,
Sinəsiylə sarıdı
Şəhidin yarasını..."
Belə bir dəyərli yaradıcılığı ilə tanınan jurnalist, şair Rəşid Faxralının yanvarın 21-də 70 yaşı tamam olur. Bu yaş Rəşidin təqvim yaşıdır, ruhunun yaşı deyil. Rəşid Faxralının ruhu heç zaman qocalmayacaq. Özü demişkən, Rəşid Faxralı yaşlaşacaq, qocalmayacaq...
Düz deyirsən. Rəşid Faxralı, həyat duyumun, duyğuların şeiridir...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim