Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələrini elan edir

QHT Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələrini elan edir


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələrini elan edir.

Newscenter.az xəbər verir ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2025-ci il sentyabr ayının 22-də başlanacaq. Müraciət üçün son tarix 2025-ci il 22 oktyabrdır. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Müsabiqələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarlarına uyğun təşkil edilir.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:

• Kiçik qrant müsabiqəsi üzrə: 15000 manat (icra müddəti 6 ayadək);
• Orta qrant müsabiqəsi üzrə: 30000 manat (icra müddəti 9 ayadək);
• Böyük qrant müsabiqəsi üzrə: 50000 manat (12 ayadək).

Müsabiqələr aşağıdakı mövzuları ehtiva edir:

- Biomüxtəlifliyin qorunması və bərpası;
- İcmaların məişətdə istifadə, yaxud suvarma üçün suya olan ehtiyaclarının qarşılanmasına yardım etmək;
- 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı təşəbbüslər;
- ⁠İqlim dəyişmələrinə qarşı mübarizəyə ictimai dəstək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlər:
• layihə təklifi; (kiçik, orta, böyük)
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);
• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;
• orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;
• böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;
• Agentliyin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debitor borcu olan QHT-lərin layihələri.

Meyarlar:

Texniki ekspertizadan keçdikdən sonra layihələr aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir:
• layihənin məqsədinin aydınlığı;
• layihənin innovativliyi;
• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;
• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;
• layihə üzrə risklərin təhlili;
• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;
• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;
• layihədən gözlənilən nəticələr.

Texniki tələblər:
• QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2025-ci il sentyabr 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq);
• Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Tövsiyə
• QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
[email protected]

Süleyman
Xəbəri paylaş