
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda saxlanılan 23 erməni məhbusla bağlı ölkəmizdən noyabrın 4-dək məlumat tələb edir. Bəli, Strasburq hakimləri fərdləri və dövlətləri mühakimə etmir, Avropa İnsan Hüquqları Konvensiyasına sadiqliyə nəzarətə çalışır. Ölkəmizsə beynəlxalq öhdəliklərinə daim əməl edib. Lakin bizdən istənilən hesabat deyil, immunitetdir, “əsir” adı altında məhbuslara, onların əməllərinə bəraət qazandırmaq cəhdidir.
Xatırladaq ki, Avropa hüquq şəbəkəsinin, mediasının və maliyyəsinin güclü dəstəyi altında olanlardan 16 nəfəri Bakı Hərbi Məhkəməsi qarşısına çıxarılanlardır. Onda biz Qərb ədliyyəsindən soruşuruq: Slobodan Miloşeviçi dünyanın gözü qarşısında Hərbi Tribunalda mühakimə edənlər, 23 min şəhidimizin, 1 milyon qaçqının- köçkünün hüquqlarını pozanları, yüzlərlə şəhər və kəndimizi dağıdanları, qiymətsiz mədəni sərvətlərimizi mənimsəyənləri nədən qoruyurlar?
İşğala susanlar, cinayətlərdə günahlandırılanları qurban və qəhrəmana çevirib niyə himayə edirlər?
Diqqət edin, Ermənistan hakimiyyəti bu şəxslərin çoxunu geri istəmir. Çünki bilir ki, onlar döyüş əməliyyatları zamanı deyil, atəşkəsdən sonra terrorçuluq, qanunsuz silahlı birləşmələrdə iştirak və sərhədi pozma kimi onlarla qanunsuz əməldə suçlanırlar.
Kopenhagendə Avropa Siyasi Birliyi Vaşinqton razılaşmalarını alqışladı, lakin onun məhkəməsi hüquqi yox, siyasi qərarlar çıxarır. Sülhə ən böyük zərbəni “əsir” adı altında separatizm və terroru müdafiə etmək vurur!
Son 30 ildə Avropa Məhkəməsi yalnız Çıraqov qardaşları kimi az sayda azərbaycanlının haqlarını tanıyıb. İndi təklif edirik ki, doğma yurdlarına qayıtmaq istəyən 100 minlərlə insan evini Avropa Məhkəməsindən tələb etsin. Onda görəcəyik kim ədalətlidir…
Azərbaycan dövləti mühakimə olunan şəxslərə 20 sentyabra qədər reinteqrasiya və sülh təklif etdi. Paşinyan özü belə həmin separatçıları onu devirmək üçün İrəvana gəlməkdə ittiham edir.
Biz sülh təklif etdik, cavab terror oldu! Reinteqrasiyaya çağırdıq, silahla qarşılıq verdilər.
Bəs hansı beynəlxalq təşkilat bizim savaşımızda ədalətli hakim olub? Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları ilə Xankəndinə silah daşıyırdılarsa, deməli, müqəddəs xaçı “öldür” deyən Eçmiədzin Katolikosluğuna qurban veriblər.
Azərbaycan dövləti hərbi əsirləri 2022-ci ilədək azad edib. Avropa məhkəmələri Abxaziya, Krım, Donetsk kimi ərazilərdə silah tətbiq edənləri “işğalçı” adlandırır, onlara sanksiya tətbiq edir. Bəs Qarabağın azadlığından niyə qorxurlar? Azərbaycan Ermənistanla sülh yolunda son maneələri aşarkən, iki Qafqaz dövl’tinin barışını istəməyən qüvvələr 30 illik işğalın simalarına azadlıq tələb edir.
Əgər Beynəlxalq Ədalət Məhkəməsi həqiqətən Nürnberq olsaydı, onda həmin şəxsləri onlara təhvil verilərdi. Lakin kim zəmanət verir ki, sabah qukasyanları, arutyunyanları azad edib yenidən üstümüzə silahla göndərməyəcəklər? Ona görə də ən ədalətli məhkəmə Vətən müharibəmiz, ən adil hakim Zəfərimizdir!
Zahid Oruc, Milli Məclisin deputatı