
“Şəhərlər yalnız binalardan ibarət deyil, orada yaşayan xalqın ruhu, tarixi və gələcəyi ilə nəfəs alır.”
Zəngilanın şəhər günü — Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli birliyinin rəmzi kimi tarixə düşmüş bir gündür. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi ilə Azərbaycan xalqı yalnız bir bölgəni deyil, öz milli yaddaşını və dövlətçilik qürurunu də bərpa etdi. Bu hadisə sonradan “Zəngilan şəhər günü” kimi qeyd olunur və ölkənin yenidənqurma proseslərində mühüm mərhələ kimi qiymətləndirilir.
Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhər və kəndlər tamamilə dağıdılmış, tarixi-mədəni irs talan olunmuşdur.
Ərazi qədim Zəngəzur bölgəsinin tərkib hissəsi olmuş, burada Tunc və Dəmir dövrlərinə aid arxeoloji tapıntılar, orta əsr memarlıq abidələri və islam mədəniyyətinə məxsus məscidlər mövcud idi (Babayev, 2012).
Sovet dövründə Zəngilan Zəngəzur iqtisadi zonasında mühüm kənd təsərrüfatı və ticarət mərkəzi kimi tanınmışdır (Əliyev, 1985). İşğal dövründə bu irs məhv edilsə də, zəngilanlıların vətənə bağlılığı milli ruhu sarsıtmamışdır.
2020-ci il Vətən müharibəsi zamanı Zəngilan şəhəri Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatları nəticəsində azad edilmişdir. Prezident İlham Əliyevin 2020-ci il 20 oktyabr tarixli çıxışında bu hadisə “Zəngilanın azad olunması ilə tarixə yazılan qürur səhifə” adlandırılmışdır.
Hazırda Zəngilan “yaşıl enerji zonası”, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiq edildiyi ilk bölgələrdəndir.
Bu istiqamətdə Ağalı kəndinin bərpası, Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi (2023), Zəngilan şəhərinin Baş planının təsdiqlənməsi (2024) kimi mühüm addımlar atılmışdır.
Bu proses ekoloji dayanıqlıq, enerji müstəqilliyi və regional inkişaf baxımından elmi əsaslara söykənən yenidənqurma modelidir.
Zəngilan yalnız Azərbaycanın sərhəd bölgəsi deyil, həm də Türk dünyasını birləşdirən Zəngəzur dəhlizinin mərkəzi həlqəsi kimi formalaşır. Bu, regionun iqtisadi inteqrasiyası, logistika potensialı və mədəni körpü funksiyası baxımından əvəzsiz əhəmiyyət daşıyır.
Elmi baxımdan bu proses postmüharibə reabilitasiyası, urbanizasiya siyasəti, sosial adaptasiya və ekoloji idarəetmə kimi yeni tədqiqat istiqamətlərinin əsasını qoyur.
Zəngilan modeli həm milli identiklik, həm də dayanıqlı inkişaf kontekstində Azərbaycanın bərpa strategiyasının parlaq nümunəsi hesab olunur.
Zəngilan şəhərinin azad edilməsi və yenidən qurulması Azərbaycan tarixində qələbə, dirçəliş və müasirlik triadasının təntənəsidir.
Zəngilanın şəhər günü — yalnız bir xronoloji tarix deyil, Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik düşüncəsinin və gələcəyə inamının elmi, siyasi və mənəvi simvoludur.
“Zəngilanın torpağı azaddır, amma onun ən böyük azadlığı — bir millətin yaddaşında əbədi qalmaqdır.”
Sevinc Hüseyinova,
Bakı Qızlar Universiteti tələbəsi,
Nəsimi rayon gənci