
Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı sərgilənən yeni mövqelər hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma bir daha təsdiq edir ki, müasir hüquq sistemində şəxsin şəxsi həyatı və informasiya təhlükəsizliyi ali dəyər kimi qorunur. Plenum qərarında vurğulanır ki, hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumaq hüququ vardır. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunsuz əldə edilməsi, istifadə olunması və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab edilir. Bu, konstitusion təminat olmaqla yanaşı, mülki-hüquqi və digər hüquqi məsuliyyət yaradan haldır.
Qərarda xüsusi olaraq qeyd olunur ki, bu hüquq mütləq xarakter daşımır. Qanunla nəzərdə tutulmuş hallarda, cinayətin qarşısının alınması və ya cinayət işinin istintaqı zamanı həqiqətin üzə çıxarılması məqsədilə yazışma sirri məhdudlaşdırıla bilər. Lakin bu məhdudiyyət yalnız qanuni prosedurlara əməl edilməklə və səlahiyyətli orqanların qərarı əsasında mümkündür.
Plenumun mühüm mövqelərindən biri də sübutetmə məsələsi ilə bağlıdır. Hüquqi mübahisələrin həlli zamanı tərəflər yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma sübut kimi təqdim edə bilərlər. Digər şəxslərlə aparılmış yazışmaların mübahisəyə aidiyyəti olsa belə, həmin şəxslərin razılığı olmadan sübut qismində təqdim edilməsi yolverilməzdir. Bu yanaşma sübutetmə hüququ ilə şəxsi həyatın toxunulmazlığı arasında balansın qorunmasına xidmət edir. Qərarda həmçinin xüsusi vurğulanır ki, istənilən yazışmanın media və ya internet resurslarında qarşı tərəfin razılığı olmadan paylaşılması və ya yayılması qadağandır. Belə hallar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla yanaşı, mənəvi zərərin yaranması üçün əsas hesab edilir və mülki məsuliyyətə səbəb ola bilər.
Rəqəmsal dövrdə aktual olan məsələlərdən biri də elektron mesajlaşma tətbiqləri ilə bağlıdır. Plenum qərarında şəxsin “WhatsApp” yazışmalarının onun xəbəri və razılığı olmadan müxtəlif texniki vasitələrlə izlənilməsinin yolverilməz olduğu açıq şəkildə ifadə edilir. Bu mövqe şəxsi həyatın toxunulmazlığının rəqəmsal mühitdə də tam şəkildə qorunduğunu təsdiq edir. Yalnız valideyn yetkinlik yaşına çatmayan və ya tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan nəzarət edə bilər ki, bu da valideynlik hüquq və vəzifələrindən irəli gəlir.
Bu Plenum qərarı hüquqi münasibətlərdə yeni və aydın çərçivə müəyyən edir. Şəxsi yazışmalar artıq “özəl məsələ” deyil, həm də ciddi hüquqi müdafiə obyektidir. Hər bir vətəndaş bilməlidir ki, şəxsi yazışmaların icazəsiz ələ keçirilməsi və yayılması sadəcə etik problem deyil, bu, hüquq pozuntusudur və hüquqi nəticələr doğurur.
Əli İbrahimov, hüquqşünas











































