
“Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz tarixi zəfərimizlə işğaldan azad edilən bütün şəhər və rayonlarımız kimi Laçın da bu gün yenidən qurulur, abadlaşır, infrastrukturu yenilənir. Bu gün Laçın təkcə Azərbaycanda deyil, eləcə də dünyada turizm zonası kimi diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda keçirilən mühüm beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edən dövlət və hökumət başçılarının təyyarələrinin Laçın Beynəlxalq Hava Limanına enməsi Laçına olan beynəlxalq marağın, diqqətin artmasını şərtləndirir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Laçın şəhər Günü ilə bağlı fikirlərini qeyd edərkən səsləndirib. Qarabağda əhəmiyyətli bir mövqeyə malik olan Laçının 1992-ci ilin may ayında Ermənistan tərəfindən işğala məruz qaldığını xatırladan millət vəkili deyib ki, ermənilər 30 ilə yaxın işğal dövründə digər şəhər və rayonlar kimi Laçının da yeraltı və yerüstü sərvətlərini talayıb, tarixi-mədəni abidələrini vandalcasına məhv ediblər:
“2020-ci ilin sentyabr ayında ermənilərin yeni ərazilər zəbt etmək istəyi ilə başlanan İkinci Qarabağ Müharibəsi və Azərbaycan Silahlı Qüvvələrinin əskhücum əməliyyatı digər işğal altında olan ərazilərimiz kimi Laçının da azadlığa qovuşmasına zəmin yaratdı. Həmin ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanat əsasında dekabr ayının 1-də Laçın şəhəri Azərbaycana geri qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur”.
Deputat qeyd edib ki, bu tarix, Azərbaycanın Qarabağda və Laçında ərazi bütövlüyünü bərpa etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir:
“Laçın şəhər günündə, həmçinin bölgənin mədəni və tarixi əhəmiyyəti də qeyd olunur. Laçın şəhəri, həm coğrafi mövqeyi, həm də strateji əhəmiyyəti baxımından çox önəmlidir. O, Qarabağla Azərbaycanın digər bölgələri arasında əsas yol keçidi rolunu oynayır. Şəhər, Laçın dəhlizinin mərkəzində yerləşir və bu dəhliz, bölgədəki insanların hərəkətini və yük daşımalarını təmin edən vacib bir arteriyadır.
Laçın həm də zəngin mədəniyyətə, tarixi abidələrə və gözəl təbiətə sahib bir yerdir. Şəhərdəki Laçın Qalası, qədim dövrlərə aid olan bir tarixə malikdir və regionun əhəmiyyətli tarixi nöqtələrindən biridir. Bununla yanaşı, Laçın ətrafında da bir sıra digər tarixən və mədəniyyət baxımından əhəmiyyətli yerlər mövcuddur. Bir sözlə Laçının işğaldan azad edilməsi, yalnız strateji bir qələbə deyil, həm də bu regionda yaşayan insanların və onların mədəni irsinin təkrar bərpa olunmasıdır”.
Süleyman