
“Qanunvericliyin tələblərinə zidd fəaliyyət ortaya qoyub, qanunsuz orden və medal təsis edən qeyri-hökumət təşkilatları hüquqi məsuliyyət daşıyırlar. Yaxşı olardı ki, həmin qeyri-hökumət təşkilatları onlara edilən xəbərdarlıqlardan nəticə çıxarıb qeyri-qanuni fəaliyyətlərdən uzaq olsunlar”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Ədliyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orden və medal təsis edən bəzi QHT-lərlə bağlı yaydığı bəyanatı şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, orden və medal təsis etmək QHT tərəfindən bu sahədə mövcud olan qanunun kobud şəkildə pozulmasıdır:
“Çünki qanunvericiliyə əsasən, dövlətin səlahiyyəti olmadan orden, medal və ya digər rəsmi təltif formaları təsis etmək və yaymaq qanunsuz fəaliyyət hesab edilir. Əgər QHT də belə bir fəaliyyət göstərirsə, deməli vətəndaş cəmiyyəti nümayəndələrinin bəziləri qanunları tapdalayır, qanunvericiliyə zidd fəaliyyət sərgiləyirlər. Ən pisi odur ki, hansısa QHT-nin təsis etdiyi orden və medal əksər hallarda pulla satılır və bundan asan qazanc mənbəyi kimi istifadə edirlər”.

Arzuman Muradlı hesab edir ki, bu kimi hallar, qanunsuz olaraq orden və medal təsis edib, onu kimlərəsə vermək insanlarda çaşqınlıq yaradır:
“Eyni zamanda dövlətin nüfuzuna xələl gətirir və ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırır”.
Arzuman Muradlı deyib ki, edilən xəbərdarlıqlara məhəl qoymayan, qanunları pozan QHT-lərə qarşı hüquqi çərçivədə tədbirlərin görülməsinə mövcud qanunvericilik də imkan yaradır:
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi bu cür halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi — qanunsuz olaraq hərbi və ya xüsusi geyim formasından, o cümlədən dövlət atributlarına bənzər simvollardan istifadə edilməsi məsuliyyət doğurur. Əgər QHT özünü rəsmi qurum kimi təqdim edir, saxta təltiflər verir və bu təltifləri rəsmi kimi təqdim edərək fırıldaqçılıq və ya aldatma məqsədi güdürsə, bu artıq Cinayət Məcəlləsinin müvafiq maddələrinə (məsələn, 178-ci maddə — dələduzluq) uyğun olaraq cinayət məsuliyyəti yarada bilər”.
Süleyman