
"Azərbaycanın beynəlxalq tədbirlərdə təmsil olunması onun həm nüfuzunun artmasına, həm də əsl həqiqətlərin dünyaya yayılmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və keçirdiyi görüşlər təqdirəlayiqdir. BMT-nin bu səviyyəli iclaslarında mutləq təmsil olunmaq lazımdır. Bizim ölkənin regional və beynəlxalq siyasətdə oynadığı rol onun belə tədbirlərdə iştirakını zərurətə çevirir".
Newscenter.az xəbər verir ki, bunları Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib. O bildirib ki, bizim uğurlarımızı istəməyənlər də çoxdur:
"Onlar beynəlxalq tribunalarda hər fürsətdə ölkəmiz əleyhinə təbliğatla məşğul olurlar. Lakin qarşılarında bizim nümayəndələri gördükdə buna cəsarət edə bilmirlər. Yaxud iftiralarının qarşısı sərt şəkildə kəsilir, adekvat cavablarını alırlar".
Partiya sədri deyib ki, Baş Assambleyanın işində Prezident İlham Əliyevin iştirakı, təmasları və keçirdiyi görüşlər ölkəmizin təmsilçiliyi baxımından effektivdir:
"Azərbaycanın dünya dövlətlərinin dəstəyinə artıq ehtiyacı yoxdur. Qarabağ problemini özü kökündən həll edib. İndiki mövqeyi ilə dəyişən dünyada gedən proseslərdə aktiv istirak etmək niyyətindədir. Bu ona yeni dvidentlər qazandıra bilər. İqtisadi potensialı imkan verir ki, sərmayəçilər arasında seçim etsin. Hər kəsi işğaldan azad edilmiş ərazilərə buraxmasın. Nail olduğu belə üstünlük onun hörmətini də artırır. Siyasi və iqtisadi sahədə müstəqil addımların atılması indiki dünyada bütün dövlətlərə aid olmayan fərqlilikdir".
Süleyman