
Özbəkistanda uşaq bağçalarında kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, hadisə Daşkənd vilayətinin Piskent və Buka rayonlarında bir neçə uşaq bağçasında baş verib.
Bağçaya gedən uşaqların səhhətində dəyişiklik müşahidə olunub və onlar həkimə müraciət ediblər.
İlkin tibbi müayinələrin nəticələrinə görə, uşaqlara “mədə-bağırsaq traktının kəskin funksional pozğunluğu, qida zəhərlənməsi” diaqnozu qoyulub. Onların lazımi müalicəsinin aparıldığı, əksəriyyətinin sağalaraq həmin gün evə qayıtdığı qeyd edilir. Vəziyyəti ağır olan xəstələr qeydə alınmayıb.
Vəziyyət ölkənin Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. İlkin ehtimallara görə, uşaqların səhhətinin pisləşməsinə keyfiyyətsiz süd məhsulları, xüsusilə 3,2 faiz kefir səbəb ola bilər. Bu məhsulun Akkurqan rayonundakı sexlərdən birində istehsal olunduğu müəyyən edilib.
Həkimə müraciət edən uşaqlardan götürülən analizlər və istehlak edilən qida nümunələri hazırda laboratoriya şəraitində yoxlanılır.
Süleyman