
Azərbaycanda növbəti uğurlu tədbir baş tutdu. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü. Görüşün yekununda isə Türk dünyasının gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən “Qəbələ Bəyannaməsi” adlı mühüm sənəd qəbul edildi.
Ortaq əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin olunması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi görüşün prioriteti olsa da, digər tərəfdən görüşün təşkili və ölkəmizdə belə bir növbəti qlobal inteqrasiyanın həyata keçirilməsi Latın möhkəmləndirilməsi istiqamətində atılan addımları da diqqət mərkəzində saxlayır. Türk dünyasının həmrəyliyi və birliyinin güclənməsi, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə doğru atılan yeni addımlar, diplomatik və strateji siyasətin mühüm nailiyyətləridir. Azərbaycanda belə mötəbər tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır və möhkəmləndirir.
Nə xoş ki, bu kimi tədbirlərdə qarşılıqlı tərəfdaşlıq, həmrəylik və birlik mühiti cənab Prezident İlham Əliyevin birləşdirici mövqeyinə göstərilən yüksək etimadı bir daha təsdiqləyir.
Qlobal dünyada, qütbləşən konfuqurasiyalarda, yeni reallıqların fonunda əsas hədəflərə doğru ortaq mövqe sərgiləmək xüsusi əhəmiyyət daşıyır. Bu mövqe sabitlik və inkişaf yönümlü töhfələri ilə yanaşı, güclü dövlətlərin çağırışlarına ortaq və incə bir cavabdır. Bu gün dövlətə xidmət etmək, strateji düşünmək, milli maraqlara sadiq qalmaq və bu istiqamətdə müəyyən edilən siyasi yola hamılıqla dəstək vermək hər birimizin borcudur. Regionda sabitliyin təmin olunması və yeni geosiyasi xəttin milli ideologiyamıza uyğunlaşdırılması Azərbaycanın liderlik rolunun daha da möhkəmlənməsinə səbəb olur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Zirvə Toplantısı, Türk Dövlətlərinin Asiya, Qafqaz və Avropa arasında strateji körpü rolunu oynayan yeni modelinin formalaşmasının əsasını qoydu. Bəli, Azərbaycan növbəti dəfə tarixi bir hadisəyə imzası ilə start verdi. İctimai şüuru yüksək olanlar, ictimai-siyasi məsuliyyət daşıyanlar, dövlətini sevən vətənpərvər insanlar bu kimi tədbirləri yüksək qiymətləndirəcək. Dövlətin aktivinə yazılan hər bir uğura sevinmək, dürüstlüyün və vətəndaşlıq şüurunun simvoludur. Dövlətin deyil, qrup maraqlarına xidmət edən, türklərin dediyi kimi “küçük düşünənlər”, yalnız öz səsini o qruplarda eşidib, öz aralarında sevinə bilirlər. Onların “məharətləri” isə ancaq daxil olduqları dar çevrələrdə danışılır.
Binəvalar dərk etmir ki, siz xarici təsirlərdən asılı olan, daşlaşmış düşüncəyə sahib, köhnəlmiş və zamanla ayaqlaşa bilməyən, yeniliklərə qapalı, düşüncə çevikliyindən məhrum insanlarsınız.
Siz köhnə stereotiplərə bağlı, yeni ideyalara və islahatlara qarşı müqavimət göstərməyə çalışan, keçmiş ideyalarında ilişib qalan, texnoloji inkişafı anlamayan anlayışsızlarsınız.
Siz öz yolunuzdan dönməyin, biz də öz yolumuzla gedirik: inkişaf, firavanlıq, həmrəylik və böyük düşüncə hədəfləri ilə, sərrast siyasətimizin istiqamətində.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri