
Bəzi ölkələrdə xüsusi xidmət əməkdaşlarının əməliyyatçılara “agent” deyilməsi əsasən dil, sistem və tarixi fərqlərlə bağlıdır. “Agent” termini latın mənşəli olub “fəal şəxs”, “tapşırıq icra edən” mənasını verir və Qərb ölkələrində bu söz həm xüsusi xidmətin ştatlı əməkdaşlarına, həm də gizli informatorlara şamil edilir. Məsələn, ABŞ-da FBI agenti və ya CIA agenti deyiləndə söhbət rəsmi əməliyyat əməkdaşından gedir, yəni orqanın ştatlı zabitidir. Halbuki postsovet ölkələrində, o cümlədən Azərbaycanda “əməliyyatçı” və “agent” anlayışları tam fərqli məzmun daşıyır. Bizdə əməliyyatçı dövlət orqanının rütbəli əməkdaşıdır, agent isə onunla gizli əməkdaşlıq edən, məlumat verən mülki şəxsdir. Bu fərq sovet hüquq sistemindən qalan terminoloji ənənədir. Qərb ölkələrində isə “agent” ümumi anlayış kimi qəbul edilir, orada ayrıca “əməliyyatçı” termini yoxdur. Ona görə də fərqli sistemlərdə eyni söz müxtəlif məna daşıyır. Yəni bizdə agent əməliyyatçıya tabe olan məxfi şəxsdirsə, onlarda agent birbaşa əməliyyatçının özüdür.
Əli İbrahimov