Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın mövqeyi dəyişməyib, sərnişin təyyarəsini vuranlar cəzalandırılmalıdır

Azərbaycanın mövqeyi dəyişməyib, sərnişin təyyarəsini vuranlar cəzalandırılmalıdır


"Azərbaycana Rusiyanı birləşdirən bir çox səbəblər mövcuddur. Azərbaycan xanlıqlarının Rusiyaya ilhaqından üzü bəri bir sıra ortaq dəyərlər və bağlar yaranıb. Hər iki dövlət keçmiş SSRİ-nin bayrağı altında olublar. Rus xalqı ilə Azərbaycan xalqı arasında sıx münasibətləri və dostluğu inkar etmək olmaz. Putinin hakimiyyəti də əbədi deyil, ancaq bu xalqlar həm qonşu, həm də bir-birlərinə inteqrasiya olunmuş xalqlardır. Hesab edirəm Putin bir ovuc şovinist və imperiyapərəst qüvvələrin maraqlarını təmin etməklə Rus xalqını beynəlxalq aləmlə düşmənə çevirib. Rəsmi Bakı Moskva ilə əlaqələrini ən yüksək səviyyədə saxlamağa çalışıb və 2022-ci ildə Moskvada imzalanmış strateji müttəfiqlik sənədinin ruhuna uyğun davranış sərgiləyib. Baxmayaraq ki, Kreml heç vaxt Azərbaycana qarşı səmimi olmayıb və özünü ərköyün "böyük qardaş" kimi aparıb".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Tacikistanda nəzərdə tutulan Putin-Əliyev görüşünün Azərbaycanla Rusiya arasında yaranmış sərinliyi aradan qaldırmaq mümkünlüyünə toxunarkən səsləndirib. O deyib ki, Rusiyanın postsovet ölkələrinə bərabərhüquqlu tərəfdaş və müstəqil dövlət olaraq yanaşmaması onun imperya mahiyyətindən doğur:

"25 dekabrda AZAL-a məxsus avialaynerin Qrozni səmasında vurulmasından sonra Rusiyanın atdığı addımlar da imperiya mahiyyətindən irəli gəlirdi və beynəlxalq hüquq sayğısının daha bir təzahürü idi. Halbuki bu cinayətdir və cinayətə görə də konkret məsuliyyət, diplomatik qaydalar və mexanizmlər var. Bunlar işə salınmalı idi. Moskva isə tam tərsini etməklə strateji müttəfiqini və dostunu incitməklə özündən uzaqlaşdırdı".

Əli Orucov deyib ki, beynəlxalq və təcrid altında olan Rusiya üçün bu tam bir ağılsızlıqdır:

"Azərbaycan davamlı təzyiqlərə rəğmən sanksiyalara qoşulmadı, iqtisadi-ticari əlaqələrini inkişaf etdirdi, beynəlxalq platformalarda Rusiyanın əleyhinə olmadı, lakin bütün bunların müqabilində haqsızlıqla üzləşdi. Putin və ətrafı Azərbaycanla bağlı hesablamaları düzgün aparmadılar. Düşündülər ki, basqılarla, əks təbliğatla, çirkin üsullarla Bakının inadını və iradəsini sındıra biləcəklər. Bu metod işlımədi və Putin məcbur olub aradakı soyuqluğu ilindırmaq yolunu tutmağa məcbur oldu. İlk addım kimi də Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Prezident İ.Əliyevə yaxınlaşaraq əlini uzatdı. Havada qalmalı olan əl havada qalmadı. Putin ardınca keçirdiyi brifinqdə səhvliyə yol verdiyini dolayısı ilə etiraf etmiş oldu. Dövlət başçısnın Putini ad günü münasibəti ilə təbrik etməsini sanki Kremldəkilər gözləyirmiş və bu Rusiya mediasında kütləvi tirajlandı".

Əli Orucov onu da vurğulayıb ki, Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfəri Azərbaycanla Rusiya arasında gərginliyin aradan qaldırılmasında bir fürsət kimi dəyərləndirilir:

"Kreml rəhbəri də həmin tədbirə qatılmaq üçün Tacikstanın paytaxtındadır. Azərbaycanın mövqeyi dəyişməyib, sərnişin təyyarəsini vuranlar cəzalandırılmalı, üzr istənilməli, kompensasiya ödənilməlidir. Eyni zamanda Rusiyada yaşayan azərbaycanlılar təqib və qısnamalara məruz qalmamalıdırlar. Əgər bu şərtlər yerinə yetiriləcəksə, Moskva-Bakı əvvəlki dönəmlərə qayıda biləcək. Rusiyanın Azərbaycana ehtiyacı var. Moskva Azərbaycanı itirməklə Cənubi Qafqazı, Türk dünyasını, geopolitik iqtisadi-ticari maraqlarını itirmiş olur. Hesab etmirəm ki, Putin belə bir avantüraya əl atsın. Azərbaycana da Rusiya lazımdır. Həm böyük bazar kimi, həm də təhlükəsizliyin təmini və digər faktorlar baxımından. Ona görə də münasibətlərin normallaşması və aradakı narazılıqların qarşılıqlı anlaşma şəraitndə nizamlanması qaçınılmazdır. Hər iki tərəf də bunu anlayır".

Süleyman
Xəbəri paylaş