Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda indiyə qədər 300-ə yaxın aqrar texnika dövlət qeydiyyatına alınıb

Naxçıvanda indiyə qədər 300-ə yaxın aqrar texnika dövlət qeydiyyatına alınıb


Bu günə qədər Naxçıvan Muxtar Respublikasında 297 kənd təsərrüfatı texnikası dövlət qeydiyyatına alınıb.

Newscenter.az bu barədə Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, muxtar respublikada aqrar texnikaların qeydiyyatı və texniki nəzarəti istiqamətində şəffaflığın artırılması və idarəetmənin rəqəmsallaşdırılması məqsədilə bir sıra yeniliklər tətbiq olunub. Ötən ildən Naxçıvan Aqrar Xidmətlər Mərkəzi "TexnazApp" adlı daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. Bu sistem vasitəsilə kənd təsərrüfatı texnikalarının qeydiyyatı daha çevik və nəzarətolunan şəkildə həyata keçirilir. Bu günə qədər muxtar respublika üzrə 146-sı ilkin, 151-i isə təkrar qeydiyyat olmaqla, ümumilikdə 297 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda 11 texnika istismara yararsız olduğuna görə uçotdan çıxarılıb, 394 nəqliyyat vasitəsinə isə dövlət texniki baxışı keçirilib.

Nazirliyin sektor müdiri Səbuhi Həsənov bildirib ki, yeni yanaşmalardan biri də mexanizatorların elektron sistem üzrə imtahanlara cəlb edilməsidir. Ötən il ilk dəfə tətbiq olunan bu sistem vasitəsilə 131 mexanizator imtahan verərək traktor və digər kənd təsərrüfatı texnikasını idarə etmək üçün sürücülük vəsiqəsi əldə edib. Həmçinin 252 vəsiqə yenilənib.

Texniki baxış və qeydiyyat proseslərinin daha əlçatan olması üçün Nazirliyin mütəxəssisləri vətəndaşlara səyyar xidmətlər göstərir. Cari ilin əvvəlindən etibarən Şərur, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarından olan texnika istifadəçiləri üçün bu xidmətlər təşkil olunub.

Süleyman
Xəbəri paylaş