
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Nizami rayonu Xalid Quliyev adına 62 nömrəli məktəb-liseydə Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru, pedaqoq, müəllim Vəfa Seyfullayevanın müəllifi olduğu "Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi" kitabının təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, İntizam Komissiyasının üzvləri Venera Əsgərova və Esmira Rzayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Vəfa Seyfullayeva çıxış edərək “Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi” kitabının münaqişələrin həlli, sosial ədalət və gənclər arasında sağlam ünsiyyətin təşviqi məqsədilə hazırlanmış bir qaynaq olub, həm nəzəri bilikləri, həm də real dünya təcrübələrini birləşdirərək həmyaşıd mediasiyasının vacibliyini, necə işlədiyini və bu sahədəki uğurlu layihələri və praktikaları təqdim etdiyini bildirib.
Çıxış edən digər iştirakçılar da mediasiya sahəsinin məktəblərdə və gənclər təşkilatlarında mediasiya biliklərinin təbliğinin önəmini qeyd edib, və kitabın praktiki nümunələrlə dolu olduğunu və real həyatda tətbiq üçün faydalı olduğunu bildiriblər.
Süleyman










































