Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"NeoOrdo” layihəsi gələcəyin şəhər modeli təqdim edildi

"NeoOrdo” layihəsi gələcəyin şəhər modeli təqdim edildi

Bakıda 28 May – Müstəqillik Gününə və “NeoOrdo” layihəsinin təqdimatına həsr olunmuş “Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü” adlı xüsusi tədbir keçirilib.

Tədbirin əsas məqsədi Azərbaycanın müstəqillik yolunda qazandığı uğurları, ölkənin müasir inkişaf strategiyasını və gələcəyə yönəlmiş innovativ baxışlarını vahid platformada bir araya gətirməkdir. 28 May tarixi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, milli azadlıq və müstəqillik ruhunun simvoludur. Bu baxımdan tədbirin konsepsiyası həm milli dəyərlərin təbliğini, həm də gələcəyə istiqamətlənmiş yeni ideyaların təqdimatını özündə birləşdirir.

Newscenter.az xəbər verir ki, dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra 28 May- Müstəqillik Gününün tarixi ilə bağlı videoçarx nümayiş edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 May- Müstəqillik Günü münasibətilə təbrik məktubu oxunub. Həmçinin Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin layihəni dəstəkləyən təbrik məktubu da səsləndirilib. Məktubda qardaş Azərbaycanda həyata keçiriləcək bu mühüm layihənin regional inkişafa, məşğulluğa, rifaha və Türk dünyasının ortaq gələcəyinə töhfələr verəcəyinə inam ifadə olunub. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azturk Holding” kollektivinə uğurlar arzulanıb.

Bununla yanaşı, Çin, Vyetnam, Hindistan, İngiltərə, İsrail və Amerika Birləşmiş Ştatlarından olan nüfuzlu iş adamları, ictimai xadimlər və müxtəlif təşkilatların nümayəndələri də “Azturk Holding”in prezidenti Güləli Bağırova və “NeoOrdo” layihəsinə uğurlar arzulayıb, Azərbaycanın gələcək inkişafına xidmət edən bu təşəbbüsü yüksək qiymətləndiriblər.

Bu beynəlxalq dəstək və təbriklər Azərbaycanın müstəqilliyinə, ölkəmizin inkişafına və həyata keçirilən strateji layihələrə olan böyük marağın və etimadın göstəricisidir.

Tədbir çərçivəsində təqdim olunan "NeoOrdo” layihəsi gələcəyin şəhər modeli, texnoloji inkişaf, rəqəmsal transformasiya, innovativ idarəetmə sistemləri və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yeni konsept olaraq iştirakçılara təqdim edilib. Layihənin əsas ideyası müasir texnologiyaları insan yönümlü yanaşmalarla birləşdirərək gələcəyin daha funksional, daha innovativ və daha dayanıqlı yaşam modelini formalaşdırmaqdır.

"Azturk Holding" şirkətinin prezidenti Güləli Bağırov çıxışında bildirib ki, Azərbaycan xarici investorlar üçün təhlükəsiz, stabil əməkdaşlıq platformasıdır. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi, milli maraqlara söykənən strateji baxışı nəticəsində Azərbaycan bu gün regionun aparıcı gücünə çevrilib. Qeyd edib ki, “NeoOrdo” layihəsi Azərbaycanın regional və beynəlxalq müstəvidə artan strateji əhəmiyyətini, ölkənin qlobal əməkdaşlıq platformasına çevrilmə potensialını və müasir urbanizasiya istiqamətində yeni baxışlarını əks etdirir. Şirkət prezidenti layihənin konseptual istiqamətləri, gələcək hədəfləri və inkişaf perspektivlərini vurğulayıb: "NeoOrdo" Azərbaycanın gələcək vizyonu olacaq. Bu təkcə şəhərsalma layihəsi deyil, bu layihə milyardlarla dollar iqtisadi potensiala malik inkişaf strategiyasıdır. Layihə çərçivəsində minlərlə iş yerlərinin açılması, xarici investorların cəlb olunması, rəqəmsal iqtisadi platformaların ölkəmizə inteqrasiyası yolu ilə Azərbaycanın iqtisadi potensialının daha da artırılması nəzərdə tutulub".

Çıxışlarda ölkənin innovasiya, texnologiya, logistika, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq sahələrindəki potensialı xüsusi vurğulanıb.

Tədbir ərzində xüsusi multimedia təqdimatları, konsert proqramları və “NeoOrdo” layihəsinə aid konseptual video nümayişləri təqdim olunub.

Texnoloji və yaradıcı atmosferdə keçirilən tədbirdə iştirakçılar layihənin vizual modeli, gələcək şəhər konsepti və innovativ həlləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, media təmsilçiləri, sahibkarlar, ictimai xadimlər, gənclər və müxtəlif sahələr üzrə ekspertlər iştirak ediblər.

Təşkilatçılar bildirirlər ki, tədbirin əsas məqsədlərindən biri gənclər arasında innovativ düşüncə tərzinin təşviq olunması, milli dəyərlərlə müasir inkişaf ideyalarının bir araya gətirilməsi və Azərbaycanın gələcək inkişaf modelinə dair yeni baxışların formalaşdırılmasıdır.

Tədbir çərçivəsində "Azturk Holding" ilə Türk Dünyası İş Adamları Birliyi, “Kalyon İnşaat”, “Tutto bello”, “Mineneqro” şirkəti, İTN MMC, “Caspian Engineering Group”, “Skyline LTD”, “SYF Özçelik Gayrimenkul Otomotive Trade LTD”, “MECC Construction and Project Managment Company” (Macarıstan), “BOLDLAYE GLOBAL LİMİTED”, “CompNet” MMC şirkətləri arasında əməkdaşlıq haqqında memarandumlar imzalanıb.

Sonda tədbirin mədəni proqram hissəsində Xalq artisti Alim Qasımov, Əməkdar artistlər Elnarə Abdullayeva, Ağalar Bayramov və Sevinc Sarıyeva, tarzən Humay Qədimova çıxış ediblər.
Xəbəri paylaş