
"Türkmənistan Prezidentinin Azərbaycana səfəri iki dost və qardaş ölkənin növbəti səfəri idi. Azərbaycan və Türkmənistan arasında son illər davam edən qarşılıqlı səfərlər və əlaqələrin inkişafı ölkələrimizin gələcəyi baxımından çox mühüm xarakter daşıyır. İstər enerji, istərsə də nəqliyyat dəhlizlərinin inkişafı baxımından əhəmiyyətli coğrafi mövqe ölkələrimizi dünya arenasında xüsusi yerə çıxarır".
Bunları Newscenter.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan və Türkmənistanın Xəzər dənizində enerji əməkdaşlığı ölkələrimiz arasında olan siyasi və iqtisadi bağları gücləndirir:
"Azərbaycan Prezidentinin Türkmənistana Azərbaycanda istehsal olunan gəmi hədiyyə etməsi həm Azərbaycanın iqtisadi gücünün, istehsal qabiliyyətinin nümayiş etdirilməsi ilə yanaşı, həm də Azərbaycanın bu kimi gəmilərin istehsal etdiyi göstərməsi baxımından da önəmli idi. Türkmənistanın da ehtiyacı olduğu belə gəmiləri Azərbaycanda sifariş verməsi üçün bir vasitə idi".
Azər Qasımov qeyd edib ki, müasir siyasi durumda ölkələr arasında yaranan sıx iqtisadi və siyasi əlaqələr mühüm xarakter daşıyır:
"Bu, ölkələrimizin təhlükəsizliyi baxımından önəmlidir. Hesab edirəm ki, bu səfər Azərbaycan və Türkmənistan arasında yeni imkanların yaradılması və inkişaf etdirilməsi baxımından mühüm rol oynayacaq".
Süleyman












































