Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

Bakı-Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir


"Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Bakıya dövlət səfərinin, təkcə protokol xarakterli səfər kimi başa düşülməməsi lazımdır. Bilirsiniz ki, son illər ərzində Bakı və Aşqabad arasında münasibətlərin inkişafında sürətlənmə müşahidə olunur və bu səbəbdən iki ölkə arasında dövlət rəsmilərinin səfərləri intensiv hal alıb".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Onun sözlərinə görə, Türkmənistan prezidentinin Bakıya səfəri bu baxımdan, əlaqələrin istiləşməsindən qaynaqlanır və səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması əlaqələrin inkişafına təkan vermiş olacaq:

"Səfərin isə əsas məqsədi heç şübhəsiz ki, enerji əməkdaşlığının genişləndirilməsi və inkişaf etdirilməsi ilə bağlıdır. Bu baxımdan, Azərbaycan və Türkmənistan Xəzərdə ən böyük enerji istehsalçıları kimi tanınırlar və son illərdə "Dostluq" yatağı üzrə anlaşma iki ölkə arasında uzun müddət mövcud olan fikir ayrılıqlarını aradan qaldırılmasına imkan verdi. Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çıxarılması Türkmənistan üçün indi əsas məsələlərdən biridir və Türkmənistan qaz ixracını şaxələndirməyi özünə strateji məqsəd hesab edir. Bu baxımdan Transxəzər marşrutu, Türkmənistanın daha maraq dairəsindədir, desək yanılmarıq. Həmçinin Orta Dəhliz nəqliyyat və logistika baxımından hər iki ölkənin marağındadır. Türkmənbaşı limanı ilə Bakı limanı arasında yükdaşımaların həcminin artırılması, həm Bakı, həm də Aşqabad üçün iqtisadi baxımdan ciddi gəlir deməkdir".

Çingiz Şahbazi qeyd edib ki, hər iki ölkə ortaq tarixi və mədəni bağlara malikdir və Türkmənistanın neytral xarici siyasət aparmasına baxmayaraq, son illər türk dövlətləri ilə əlaqələrini genişləndirirərək daha çox fəallıq nümayiş etdirir:

"Bu baxımdan Bakı-Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan artıq Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayır və Türkmənistanın buradakı rolu Azərbaycanın strateji əhəmiyyətini artırır. Bu baxımdan səfər, regionda cərəyan edən proseslər və xüsusilə də qonşu İranda baş verənlər fonunda gerçəkləşir və hesab edirəm ki, təhlükəsizlik baxımından koordinasiyalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində də səfər faydalıdır, əhəmiyyətlidir".

Süleyman
Xəbəri paylaş