
Hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər türk dövlətləri arasında birliyin daha da gücləndirilməsini tarixi zərurətə çevirib. Ötən illər ərzində baş verən proseslər bu istiqamətdə inamlı addımların atıldığını göstərir. Azərbaycan dövləti isə Türk dünyasının birliyinin güclənməsində aparıcı rol oynayır. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri də bu baxımdan böyük önəm kəsb edir.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətində yeni səhifə açılıb. Ölkəmiz region, həmçinin türkdilli dövlətlərlə də əlaqələrini davamlı olaraq inkişaf etdirir və əməkdaşlığını yeni məzmunla zənginləşdirir. Azərbaycanın son zamanlar əlaqələrinin sürətlə inkişaf etdiyi ölkələrdən biri də Türkmənistandır. Bu dövlətlə əməkdaşlığın genişlənməsi, heç şübhəsiz, ölkəmizin Orta Dəhlizdə rolunu daha da gücləndirir.
Onun sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir. Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir. İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib. Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir.
S.Vəliyev qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətlərində son dövrlərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir. Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. Dövlət başçılarının geniş tərkibli görüşündə qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən geniş gündəliyin olduğunu, bu gün bir çox məsələlər üzrə fikir mübadiləsinin aparıldığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.
"Yeni geosiyasi şəraitdə türk dövlətləri arasında enerji, nəqliyyat-logistika sahəsində böyük əməkdaşlıq imkanları yaranıb. Vaşinqtonda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi isə türk dövlətlərinin bu baxımdan dünya üçün önəmini əhəmiyyətli dərəcədə artırır. Orta Dəhliz üzərində yerləşən türk dövlətləri Avropa ilə Asiya arasında birləşdirici rol oynayır.
Tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən sənədlər mübadilə edilib. Bu sənədlər Azərbaycan və Türkmənistanın gələcək əməkdaşlığını daha da gücləndirəcək. Bütün bunlar isə türk dövlətlərini qlobal proseslərdə aparıcı mövqeyə yüksəldir”, - deyə S.Vəliyev əlavə edib.












































