
"Əldə olunan sənəd, ABŞ-İran arasında yekun nüvə razılaşması deyil. Bu sənəd daha çox müharibəni dayandırmaq və Hörmüz boğazında gəmilərin hərəkətini və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Eyni zamanda sonrakı danışıqlar mərhələsinə zəmin yaradır və çərçivə yaratmağa yönəlmiş ilkin razılaşma olaraq təqdim olunur".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi ABŞ-İran razılaşmasını şərh edərkən səsləndirib. Onun sözlərinə görə, indiki mərhələdə razılaşmanı hər şeydən öncə, tərəflər arasında əldə olunan ilkin kompromis olaraq da qiymətləndirmək olar və bu baxımdan İrana qarşı nüvə silahı ilə bağlı irəli sürülən sərt tələb və şərtləri hələ ki, əhatə etmir:
"Bu səbəbdən də Vaşinqton və Təl-Əvivdə və Avropanın bəzi ölkələrində əldə olunan bu razılaşmaya isti baxılmır və ehtiyyatlı yanaşılır. Tehranın nüvə proqramından geri çəkilməməsi burada İranın öz məqsədlərinə çatmaq baxımından, əldə olunan razılaşma böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, İran üçün vaxt qazanmaq və üzləşdiyi problemləri gələcəyə ötürmək cəhdi baxımından, İrana kifayət qədər üstünlük əldə etmək imkanı da verir. ABŞ-İsrail cütlüyü mövcud münaqişənin başından İranın uranın zənginləşdirilməsini dayandırmasını istəyirlər və nüvə proqramına İranın son qoyması üçün müharibəyə girdilər. Buna nail olmadıqlarını bildikləri halda, imzalanan bu razılaşma, əlbəttə ki, ABŞ prezidenti Trampın İran qarşısında çıxılmaz duruma düşdüyünün göstəricisidir".
Ekspertin sözlərinə görə, İran münaqişənin başından uranın zənginləşdirilməsini özünün qırmızı xətti olaraq gördüyünü bildirib və dinc məqsədli nüvə proqramını davam etdirəcəyini gizlətmir:
"Əldə olunan zənginləşdirilmiş uran ehtiyyatının ölkədən çıxarılmasına da yox deyib. Belə olan halda əldə olunan razılaşmanı kövrək saziş kimi görmək mümkündür və bu səbəbdən razılaşma uzunömürlü hesab oluna bilməz. Hər an yenidən atəşkəsin pozulmasına səbəb ola biləcək çox sayda qarşılıqlı səbəblər və problemlər var. Bütün bunlara rəğmən əldə olunan mövcud nəticə, BMT və bir sıra Avropa ölkələrində razılaşmanı və Hörmüz boğazının açılması baxımından mühüm sənəd olaraq görürlər. Sənəd neft bazarında qiymətlərin sabitliyini təmin etmək baxımından da önəmlidir. ABŞ -İsrail cütlüyü İranı siyasi-hüquqi, ticari-iqtisadi və digər vasitələr ilə təzyiq etmələrinə rəğmən geri addım atmağa məcbur edə bilmədi. Bu baxımdan əgər məqsəd müharibəni dayandırmaq və bölgədə gərginliyi azaltmaqdırsa, razılaşma əhəmiyyətli uğur kimi qiymətləndirilə bilər. Yox, razılaşmada İranın nüvə proqramının tam ləğvi və raket proqramının dayandırılması və regional müttəfiqlərindən imtina etməsi barədə və digər tələblərə cavab yoxdursa, onda əldə olunan bu sənədi İranın uğuru hesab etmək olar. Hesab edirəm ki, razılaşma kövrək xarakterli sənəddir və mübahisəli mərhələlər qabaqdadır".
Süleyman











































