
Son dövrdə Bakı beynəlxalq siyasi və iqtisadi gündəmin mühüm ünvanlarından biri olmaqla yanaşı, Türk və İslam dünyasını bir araya gətirən, fərqli mədəniyyət və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və dialoqun inkişafına şərait yaradan aparıcı platformalardan birinə çevrilib. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı ölkə başçısı çıxışında müsəlman dünyasında baş verən proseslərin narahatlıq doğurduğunu qeyd edərək İslam həmrəyliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb və bildirib: “Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik.”
Ölkə başçısı çıxışı zamanı həmçinin İkinci Qarabağ müharibəsinə toxunaraq bildirmişdir ki, Azərbaycan xalqı uzun illər davam edən ədalətsizliyə son qoyaraq işğal altındakı torpaqlarını öz qanı və canı bahasına azad edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbə dünyada mühüm bir presedent yaradıb. Çünki XX və XXI əsrlərdə işğal olunmuş ərazilərin azad edilməsi hallarına çox nadir hallarda rast gəlinirdi. Azərbaycan xalqı məhz böyük fədakarlıq və qəhrəmanlıq göstərərək öz torpaqlarını azad edib.
Onuda qeyd etmək istərdim ki, bu Qələbə ilə yanaşı, ölkəmizin İslam dünyası və Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin, qarşılıqlı anlaşmanın və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələr də Azərbaycanın beynəlxalq nüfuzunun mühüm istiqamətlərindən birini təşkil edir. Əminik ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da milli birlik və həmrəylik prinsiplərinə əsaslanaraq yeni uğurlara imza atacaq, Türk və İslam dünyası ilə əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































