
Xalqın və dövlətin mövcud olduğu dövrdə qazandığı ən böyük tarixi nailiyyətlərdən biri müstəqilliyini əldə etməsi, öz taleyini özü müəyyənləşdirməsi, ərazi bütövlüyünü və milli maraqlarını qorumağı bacarmasıdır. Azərbaycan xalqı istər XX əsrin 90-cı illəri, istərsə də yaşadığımız əsrdə bütün bu əsas xüsussiyyətləri özündə cəmləşdirə, dövlətə xas olan prinsipləri əldə etməyi bacarıb. Düzdür, bütün bunlar asanlıqla başa gəlməsə də, nəticə dövlətimiz və xalqımız üçün uğurlu olub.
Ötən əsrin 90-cı illərində sovetlərin dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan üçün bu sevinc daimi olmadı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazi bütövlüyümüzün pozulması, torpaqlarımızın işğala məruz qalması, bir milyona yaxın insanımızın qaçqın və məcburi köçkünə çevrilməsi dövlətimiz və xalqımız üçün ağır problemlər yaratmış oldu. Ərazi bütövlüyümüzü və suverenliyimizi pozmuş, qəsb etmiş Ermənistan, 30 ilə yaxın müddətdə Bakının sülh təşəbbüsləri, diplomatik səylərinə məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirdi. Təkcə Azərbaycanın sülh çağırışları deyil, eyni zamanda dünyanın nüfuzlu təşkilatlarının işğala son qoyulması ilə bağlı qərar və qətnamələrini heçə sayan Ermənistan açıq-aşkar dünyaya meydan oxuyaraq BMT Təhlükəsizlik Şurasının məlum 4 mühüm qətnaməsininin bircə bəndini belə icra etməyə maraqlı görünmədi. Əksinə yeni ərazilər işğal etmək qərarına gəldi.
2020-ci ilin 27 sentyabrında Ermənistanın başlamış olduğu növbəti təcavüz və müharibə məhz buna hesablanmışdı. Ancaq düşmən Azərbaycanın 90-cı illərdən fərqli olaraq bütün istiqamətlərdə, əsas etibarilə də hərbi sahədə inkişaf etdiyini, ordusunun gücləndiyini və modernləşdiyini unudurdu. Əslində 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərindən Ermənistan nəticə çıxarmağı bacarmalı idi. Çünki hər iki döyüşlər Ermənistana bir həqiq əti çatdıra bildi ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğunu və iqtisadi potensialını gücləndirməyi bacarıb. Dövlət başçısının uğurlu daxili və xarici siyasət kursu, iqtisadi sahədə atılan məqsədyönlü addımlar güclü iqtisadiyyat və güclü ordunun formalaşmasına yol açıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hərbi potensial formalaşdı. 2020-ci il Vətən müharibəsi bu reallığı sübuta yetirdi. Beləliklə, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarından sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə 44 günlük Vətən müharibəsi başladı.
Müharibə Azərbaycan tarixinin ən mühüm hərbi-siyasi hadisələrindən birinə çevrildi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra rayonları, şəhərləri, kəndləri və strateji yüksəklikləri işğaldan azad etdi. Xüsusilə 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi müharibənin taleyində mühüm dönüş yaratdı. Hərbi və canlı qüvvəsinin tamamilə yox olması təhlükəsi Ermənistan tərəfini kapitulyasiya aktına imza atmağa məcbur etdi. Beləliklə, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması elan edildi. Sənəddə Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Beləliklə, 2020-ci ilin tarixi Zəfəri nəticəsində Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində böyük tarixi addım atdı. Bununla belə, Qarabağ bölgəsinin müəyyən hissəsində Ermənistan silahlı qüvvələrinin mövcudluğu davam edirdi.
11 noyabr razılaşmasından sonra Azərbaycan öz ərazilərində normal həyatın bərpasına, işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına başladı. Lakin Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu Qarabağda yenidənqurma işlərinə ciddi təhlükə yaradırdı. Gizli şəkildə bölgəyə silah-sursat və hərbi texnika gətirilir, müxtəlif təxribatlar törədilir, Qarabağda sabitliyin bərpa olunmasına ciddi maneələr yaradılırdı. Ən əsası, bu vəziyyət Azərbaycan ərazisində dövlət suverenliyinin tam təmin olunmasına maneə yaradırdı. Ona görə də tarixi Zəfərdən sonra qarşıda duran əsas məsələlərdən biri Azərbaycan Respublikasının suverenliyinin bütün ərazidə tam şəkildə təmin edilməsi idi. Bu baxımdan suverenliyin təmin edilməsi üçün atılan ilk addım - Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi. Bu, Azərbaycanın II Qarabağ müharibəsindən sonra bir güllə belə atmadan əldə etdiyi növbəti tarixi nailiyyət oldu. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.
Həmin il sentyabrın 19-da Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin həyata keçirdiyi genişmiqyaslı təxribat Azərbaycanı lokal xarakterli antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qoydu. 24 saatdan az müddətdə başa çatan antiterror əməliyyatı ilə Azərbaycan ərazi bütövlüyü və suverenliyini tam mənada bərpa etmiş oldu. Bununla da 2023-cü il sentyabrın 20-si Azərbaycan tarixində yeni mərhələnin başlanğıcına çevrildi. 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilir. Sərəncamda xüsusi olaraq vurğulanır ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin edilmiş və dövlət suverenliyi bərpa edilmişdir. Buna görə də sentyabrın 20-si milli təqvimdə mühüm dövlətçilik günü kimi təsbit olunmuşdur.
Tarixi xronologiyaya nəzər yetirsək görərik ki, Azərbaycanın dövlət suverenliyinin tam bərpasına gedən yol ötən əsrin 90-cə illərindən başlayaraq günümüzə qədər bir neçə mühüm mərhələdən keçib. Proseslərin birinci mərhələsi müstəqilliyin bərpası olub. Belə ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqil dövlət quruculuğu, milli ordunun yaradılması və dövlət institutlarının formalaşdırılması suverenliyin möhkəmləndirilməsi baxımından mühüm addımlar oldu. İkinci mərhələ işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizəni əhatə edir. Üçüncü mərhələ – 2020-ci il Vətən müharibəsi, dördüncü mərhələ isə 19–20 sentyabr 2023-cü il antiterror tədbirləridir. Göründüyü kimi, Azərbaycan dövləti yaxın tariximizdə müstəqilikdən suverenliyə doğru çətin və şərəfli bir yol keçib.
Suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonrakı dövrdə Azərbaycan xalqı və dövləti bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. İndi qarşımızda yalnız bir vəzifə dayanır. Suverenliyimiz və ərazi bütövlüyümüzü qoruyub-saxlamaq, ölkənin inkişafı, yüksəlişini davam etdirmək. Xalqımızın və dövlətimizin qarşısında duran bu prioritet vəzifəni yerinə yetirməyin yolu isə cəmiyyətdə mövcud olan birlik və həmrəyliyi davam etdirməkdən keçir.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı











































