Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi-Aran Regional Təhsil İdarəsi uşaqların bağçaya yolunu niyə bağlayır?

Mərkəzi-Aran Regional Təhsil İdarəsi uşaqların bağçaya yolunu niyə bağlayır?


"Mingəçevir şəhər 13 nömrəli “Səhər” körpələr evi–uşaq bağçasında 3–6 yaş qrupu təsdiqlənib. Valideynlər “ASAN xidmət” sistemi vasitəsilə uşaqlarını qeydiyyatdan keçirib və haqlı olaraq övladlarının bağçaya qəbulunu gözləyirlər. Lakin mənə çatan məlumata görə, Şəhər Təhsil Sektorunun müdiri Rüstəm Aslanov tərəfindən 5–6 yaşlı uşaqların təsdiqlənməməsi ilə bağlı rəhbərliyə şifahi göstəriş verildiyi bildirilir".

Newscenter.az xəbər verir ki, bunları Mingəçevir şəhər 13 nömrəli “Səhər” körpələr evi–uşaq bağçasının tərbiyəçisi Sevinc Məmmədova deyib. O sual edir ki, əgər bu məlumat doğrudursa, 3–6 yaş qrupu təsdiqlənibsə, hansı hüquqi əsasla həmin qrupda 5–6 yaşlı uşaqların təsdiqinə mane olunur?

"Valideynlər sistem üzərindən qanuni qaydada qeydiyyatdan keçiblər. Onların övladlarını hansı əsasla təsdiqdən kənarda saxlamaq istəyirsiniz? Məktəbəhazırlıq qruplarının bağlanması ilə bağlı yaşadığım prosesdən sonra indi də 3–6 yaş qrupunun daxilində belə maneələrlə üzləşməyim ciddi narahatlıq doğurur. Mən artıq şifahi göstəriş deyil, rəsmi sənəd və hüquqi əsas tələb edirəm! Rüstəm Aslanov və Mərkəzi-Aran Regional Təhsil İdarəsi tərəfindən mənə və iş fəaliyyətimə göstərilən təzyiqlərin araşdırılmasını, 5–6 yaşlı uşaqların təsdiqlənməməsinə dair hər hansı göstəriş verilibsə, onun kim tərəfindən, hansı tarixdə və hansı hüquqi əsasla verildiyinin rəsmən açıqlanmasını tələb edirəm".

Sevinc Məmmədova qeyd edib ki, onun səhhətinə və psixoloji vəziyyətinə mənfi təsir edən davamlı təzyiqlərə artıq son qoyulmalıdır:

"Mən dövlət qurumlarından qanunun və ədalətin təmin olunmasını istəyirəm. Əgər bu təzyiqlər nəticəsində səhhətimə hər hansı ciddi zərər dəyərsə, bu məsələ ilə bağlı məsul şəxslərin hərəkət və ya hərəkətsizliyinin hüquqi qaydada araşdırılmasını tələb edəcəyəm. Mən susmayacağam. Çünki söhbət təkcə mənim işimdən deyil, valideynlərin hüququndan və uşaqların haqqından gedir!".

Süleyman
Xəbəri paylaş