
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Bakıda "Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon" adlı panel keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, Kommunikasiya İdarəsinin rəhbəri, professor Dr. Burhanəddin Duranın video mesaj vasitəsilə qatılacağı panelə Daşkənddəki Kommunikasiya Məsləhətçisi, professor Dr. Mehmet Yüce moderatorluq edəcək. Paneldə Türkiyə Prezidentinin müşaviri Seyit Sertçelik; Azərbaycan Respublikası Milli Məclisinin eputatı Fariz İsmailzadə, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri Esma Özdaşlı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev; və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərov çıxış edəcək.
Panel Türk Dövlətləri Təşkilatının regional və qlobal gücünü artırmaq, türk dünyasının ortaq vizyonunu daha geniş auditoriyaya çatdırmaq və üzv dövlətlər arasında akademik, mədəni, iqtisadi və sosial qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır.
Paneldə təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət daxil olmaqla bir çox sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar, eləcə də gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq. Paneldə bu ilin oktyabr ayında Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 13-cü Zirvə Görüşü ilə bağlı gözləntilər də müzakirə olunacaq.
Qeyd edək ki, bundan əvvəl eyni mövzuda panel toplantı Qazaxıstanın Astana şəhərində keçirilib.
Süleyman











































