Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ömrünün 45 ilindən çoxunu elmə həsr edən Ələsgər Əliyev

Ömrünün 45 ilindən çoxunu elmə həsr edən Ələsgər Əliyev


Ömrünün 45 ilindən çoxunu elmə həsr edən Ələsgər Əliyev bu yaxınlarda 70 yaşını haqladı.

Alimin əlamətdar gününü doğma kollektivi - Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) təntənə ilə qeyd etdi.

Qocaman alimin aktivində 130-dan çox elmi məqalə, “Menecment” dərsliyi, 2 monoqrafiya, 5 metodik vəsait və 32 tədris proqramı var.

Türkiyə, Xorvatiya, Gürcüstan, Ukrayna, İsveçdə keçirilən konfranslarda iqtisadiyyatın təşkili və idarə edilməsi üzrə apardığı araşdırmaları ilə çıxışlar edib, müvafiq sertifikatlara layiq görülüb.

Bu günlərdə isə Ələsgər Əliyevin həmmüəllifi olduğu daha bir dərslik nəşr olunub. Bu dəfə qardaş Türkiyədə. AzMİU "Biznesin iqtisadiyyatı və menecment" kafedrasının əməkdaşları – kafedranın müdiri, professor Məhəbbət Məmmədov, Ələsgər Əliyev, Fidan Məmmədova və Şəhla Əlizadə tərəfindən hazırlanan, Türkiyənin Egey Universitetinin əməkdaşı Təkməz Kulun redaktoru olduğu “İdarəetmənin əsasları” (“Yönetim biliminin əsasları”) adlı 450 səhifəlik dərslik təkcə tələbələr üçün deyil həm də idarəetmə sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Ələsgər Əliyev bu illər ərzində elmi-pedaqoji fəaliyyətlə bərabər elmi-pedaqoji kadrların hazırlığına da öz töhfəsini verib.Vaxtilə tələbəsi olduğu şəxslər - Fizzə Hüseynova, Orxan Məmmədov, Afərim Gülmuradov, Məryəm Babayeva və digərləri öz müəllimlərinin həm savadlı pedaqoq, həm də vətənpərvər insan olduğunu bildirirlər. Deyirlər ki, Ələsgər müəllim 44 günlük Vətən müharibəsində auditoriyada gənclərdə ruh yüksəkliyi, qələbəyə inam yaradırdı.

Şükür ki, sonda inamımız gerçək oldu. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşməninin başını əzib torpaqlarımızı işğaldan azad etdi.

Yubilyarla görüşüb söhbət etdik.

Ömür yolundan, işindən, elmi məsələlərdən danışdıq. Deyir ki, torpaqlarımız düşməndən təmizləndikdən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, bərpa-quruculuq işləri bilikli, bacarıqlı memar, inşaatçı kadrların əhəmiyyətini bir daha göstərir.

Bu mənada Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə böyük iş düşür və AzMİU rektoru, memarlıq doktoru, professor Gülçöhrə xanım Məmmədovanın rəhbərlik etdiyi böyük kollektiv bu missiyanı şərəflə yerinə yetirir.

Ələsgər müəllim deyir atalar əbəs yerə tək əldən səs çıxmaz söyləməyib. Hər bir işçinin arxasında ona stimul verən kollektiv, ona arxa duran, şərait yaradan rəhbər olmasa, uğur qazanmaq çətin olar. Gülçöhrə xanım məhz belə şəxsiyyətdi. Hər bir işçi onun diqqətini, qayğısını hiss edir.

Ona görə də AzMİU divarları arasında gənclər müdrikləşir, müdriklər isə gənclik enerjisi ilə işləməyə davam edirlər.

Sima Babayeva
Xəbəri paylaş