Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-BƏƏ münasibətlərinin dayanıqlılığı başqa ölkələr üçün də müsbət örnək sayıla bilər

Azərbaycan-BƏƏ münasibətlərinin dayanıqlılığı başqa ölkələr üçün də müsbət örnək sayıla bilər


Ötən gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən yüksək hörmətlə qarşılanıb. Tədbirdə iştirak edən türk dövlətlərinin liderləri arasında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev də vardı. Dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını bir araya gətirən Dayanıqlılıq Həftəsinin budəfəki sammitində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər, iş dünyasının təmsilçiləri iştirak edirdi.
Azərbaycan bu platformanın roluna və səmərəliliyinə xüsusi önəm verir. Çünki 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından həqiqətən də önəmli müzakirələrin aparıldığı mötəbər beynəlxalq platformaya çevrilib. Dayanıqlılıq Həftəsinin prioritet istiqamətləri qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərinin tətbiqidir. Göründüyü kimi bu istiqamətlərin hər biri iştirakçı ölkələr üçün, o cümlədən Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.
Əbu-Dabi şəhərinin ev sahibliyi etdiyi Dayanıqlılıq Həftəsinin builki sammitinin mövzusu da olduqca aktualdır. Belə ki, sammit “Davamlı gələcək üçün sektoral inteqrasiya” mövzusuna həsr edilib. Məqsəd sosial-iqtisadi inkişaf üçün yeni imkanlar açmaq, insan inkişafının təmini və dayanıqlı həllər istiqamətində bilikləri bölüşmək, strategiyaları müəyyənləşdirmək və beynəlxalq şirkətlərin pavilyonlarında nümayiş etdirilən ən qabaqcıl texnologiyalarla əyani tanış olmaqdır.
Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunmaqla yanaşı, həmçinin iqlim dəyişiklikləri ilə bağlı çağırışlarla mübarizədə, davamlı iqtisadi inkişafın və yaşıl bərpa prosesinin təmini məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm strateji platformalardan biri sayılır. Ayrıca olaraq həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizədə aparıcı ölkələr sırasında yer alır. Təsadüfi deyil ki, COP28 və COP29 kimi nüfuzlu qlobal iqlim sammitləri də məhz bizim ölkələrimizdə keçirilib.
Ümumiyyətlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında bir çox istiqamətlər üzrə səmərəli əməkdaşlıq münasibətləri formalaşıb. Azərbaycan-BƏƏ münasibətləri etibarlı tərəfdaşlıq və dostluq nümunəsi kimi qiymətləndirilir. Bu günədək iki ölkə arasında əməkdaşlığa dair 40-a yaxın sənəd imzalanıb. BƏƏ-nin Dubay şəhərində “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Həmçinin Azərbaycanın Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə BƏƏ-nin biznes dairələri də iştirak edir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yeni əməkdaşlıq sferalarından biri də gələcəyin enerjisi sayılan yaşıl enerji sahəsidir. "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı ilə bağlı müqavilələr imzalanıb. "Masdar" ilə aparılan intensiv əməkdaşlıq yaxın gələcəkdə Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbələrindən birinə çevirəcək. Bütün bunlar tərəfdaşlığımızı və dostluğumuzu əks etdirən praktiki işlərdir.
Dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasiminə Prezident İlham Əliyevin dəvət olunması sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən Azərbaycanın qlobal əməkdaşlıq baxımından Birləşmiş Əmirliklər üçün vacib tərəfdaş ölkəyə çevrilməsinin göstəricisidir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsi, eləcə də nəhəng enerji layihələrinin reallaşdırılması dostluq və əməkdaşlıq münasibətlərimizi daha da gücləndirəcək. Azərbaycan-BƏƏ münasibətlərinin dayanıqlılığı başqa ölkələr üçün də müsbət örnək sayıla bilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş